"Ucuz neft dövrü 2040-cı ilə qədər davam edəcək"
“ABŞ-da şist nefti hesabına artıq hasilat fonunda neft daha on il əvvəl olduğu kimi, bahalı olmayacaq”.
Bunu “LUKoil” neft şirkətinin vitse-prezidenti və həmsahibi Leonid Fedun deyib.
Onun sözlərinə görə, ucuz neft dövrü azı 2040-cı ilə qədər davam edəcək.
Brüsseldə şirkətin maye karbohidrogen bazarının 2035-ci ilə qədər inkişafının əsas istiqamətləri barədə uzunmüddətli proqnozunu təqdim edən L.Fedun ABŞ prezidentinin şist neft istehsalını genişləndirməklə bağlı addımlarının, əlbəttə ki, karbohidrogen yanacağının (alternativ mənbələr ilə rəqabət şəraitində) ömrünü uzatdığını söyləyib: “Çünki alternativ texnologiyalar yalnız neftin barelinin azı 80 dollar olması halında iqtisadi cəhətdən sərfəlidir”.
Daha əvvəl koronavirusunun yayılması fonunda neftin qiyməti ötən həftə 4-5% düşdükdən sonra son günlərdə yenidən yüksəlməyə başlayıb. “Brent” markalı neftin may fyuçerslərinin dəyəri dünən gecəyə olan məlumatlara əsasən, 4,112% artaraq bir barelə görə 51,8 ABŞ dollarına çatıb. WTI markalı neftin qiyməti isə 4,441% artaraq bir barelə görə 46,84 ABŞ dollarına çatıb.