“Belneftexim”: “SOCAR 2020-ci ildə Belarusa bir milyon tona qədər neft tədarük edə bilər”
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2020-ci ildə Belarusa 1 milyon tona qədər neft tədarük edə bilər.
BELTA-nın məlumatına görə, bu barədə “Belneftexim” konserninin rəhbəri Andrey Rıbakov Belarusun Baş naziri Serqey Rumas və SOCAR-ın prezidenti Rövnəq Abdullayev arasında keçirilən görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.
“Həcm ildən-ilə artacaq. Söhbət bu ilin həcmindən gedir - 1 milyon tonadək neft tədarük olunacaq. Bu iqtisadi, maddi-texniki komponentlər və s. əsas götürülməklə hər ay müəyyən ediləcək, lakin mütəmadi əsasda davam edəcək”, - deyə A.Rıbakov bəyan edib.
Konsern rəhbəri deyib ki, Belarusu SOCAR ilə çoxdankı əlaqələr birləşdirir, bu ölkə artıq Azərbaycan neftinin emalını həyata keçirib.
“Həmkarlar bu il və sonrakı illərdə əməkdaşlığın davam etdirilməsinin mümkünlüyünü təsdiq ediblər, bu strateji əməkdaşlıqdır. Müəyyən mənada bu beynəlxalq əməkdaşlıqdır, çünki Ukraynanın neft boru kəməri sistemi də cəlb olunacaq. “Mozır” neft emalı zavoduna neft tədarükü, emalı, həmçinin Ukrayna və Belarusa neft məhsullarının tədarükü təmin ediləcək”, - deyə o bildirib.
A.Rıbakov vurğulayıb ki, bu gün həm cari il, həm də sonrakı illər üçün strateji əməkdaşlıq haqqında fundamental razılıq əldə edilib.
Bundan əlavə, iclasda SOCAR-ın Belarusdakı investisiya layihələrində iştirakının genişləndirilməsi müzakirə edilib. Şirkətin bir şöbəsi artıq “Mozır” neft emalı zavodunda işləyir.
A.Rıbakov həmçinin qeyd edib ki, onlar özlərini bütün vəzifələrini vaxtında yerinə yetirən yüksək keyfiyyətli, etibarlı tərəfdaş kimi tanıdıblar.
Buna görə SOCAR-ın “Naftan” layihələrində və “Belneftexim” konserninin digər müəssisələrində, eyni zamanda digər sahələrdə layihələrdə iştirakı müzakirə edilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 5-6 mart tarixlərində Türkiyənin Ceyhan limanından Belarusa ilk neft tankerini göndərəcək. İkinci tanker isə martin 20-də Gürcüstanın Supsa limanından çıxacaq.
Qeyd edək ki, baş nazir S.Rumas Belarusun Azərbaycan neftinin tədarükü ilə bağlı uzunmüddətli müqavilədə maraqlı olduğunu bəyan edib.