Azərbaycan pomidoru 22 manata, xiyar 11 manata…
Rusiyanın Primorye vilayətinin Statistika Xidməti son bir ayda regionda tərəvəz məhsullarının kəskin bahalaşdığını bildirir.
ENA.az xəbər verir ki, bunun səbəbi Çində tüğyan edən koronavirus epidemiyası ilə əlaqədar Rusiyanın bu ölkə ilə quru sərhədlərinin bağlanması, nəticədə ucuz Çin tərəvəzlərinin idxalının dayanmasıdır. Yaranmış vəziyyətdə Azərbaycan pomidoru və xiyarı Primoryedə astronomik qiymətə satılır.
Statistika Xidmətinin açıqladığı məlumata görə fevralın birinci ongünlüyündə də tərəvəz qiymətlərinin kəskin artımı davam edib. Belə ki, hazırda bir kiloqram Azərbaycan pomidoru Primorye supermarketlərində 800 rubla (təqribən 22 AZN), xiyar isə 400 rubla satılır.
Yerli hökumət rəsmiləri və meyvə-tərəvəz idxalçıları bu vəziyyətin yaxın aylarda da davam edəcəyini bildirirlər. Çünki Çində koronavirus epidemiyası getdikcə vüsət almaqdadır və nəticədə Rusiyanın uzaq şərqinə tərəvəz təchizatı çətinləşməkdədir. Hazırda Rusiyanın uzaq şərqi ilə yanaşı digər şəhərlərində də Azərbaycan istehsalı olan tərəvəzin bahalaşması müşahidə edilir.
Virtual.org