"Turkcell", Azərbaycan şirkətindəki payını satdı
"Turkcell", "Azerinteltek"dəki payını 19.5 milyon avroya satıb.
Türkiyənin "Turkcell" şirkətinə bağlı "İnteltek" şirkəti, Azərbaycanın "Azerinteltek" şirkətindəki 51 faiz payının hamısını "Baltech Investment" şirkətinə 19.5 milyon avroya satıb. Bundan əvvəl "Baltech Investment" "Azerinteltek"də 24.5 faiz paya malik idi. "Baltech İnvestment"nin "Azerinteltek" şirkətindəki payı 24,5%-dən 75,5%-ə yüksəlib.
"Turkcell"in yaydığı məlumata görə, tərəflər arasında satış müqaviləsi 15 Noyabrda imzalanıb.
Bir müddət əvvəl "Turkcell" şirkəıti payını satacağını bəyan etmişdi.
"Turkcell" şikəti "İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ"nin (İnteltek) kapitalının 55%-nə sahibdir. "İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ" isə Azərbaycanda fəaliyyət göstərən "Azerinteltek" şirkətinin 51%-nə sahib idi.
Azərbaycanın "Azerinteltek" şirkəti “TOPAZ” brendinin sahibidir.
“Azerinteltek” QSC Azərbaycanın idman mərc oyunları sektorunda fəaliyyət göstərmək üçün 19 yanvar 2010-cu il tarixində təsis edilmişdir. “Azərinteltek” QSC-nin ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb.
Qeyri-rəsmi məlumata görə, "Azerinteltek"də 75,5% paya malik olacaq "Baltech Investment LLC" şirkəti “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanova məxsusdur.
"Azerinteltek" şirkətinin qalan 24,5 faizinin isə “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədova məxsus olduğu iddia edilir.