TURİZM

AZAL Avropanın üç şəhərinə uçuşları dayandırır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) bu ilin fevral ayında Avropanın üç şəhərinə uçuşları müvəqqəti dayandıracaq.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportdan bildirilib.

Hava limanından verilən məlumata görə, söhbət Berlin, Paris və Milan şəhərlərindən gedir: “Sözügedən istiqamətlər üzrə tələbatın aşağı düşməsi nəticəsində fevral ayında Bakıdan Berlin, Paris və Milan şəhərlərinə uçuşlar yerinə yetirilməyəcək. Bu istiqamətlərə uçuşlar martın əvvəlindən etibarən bərpa olunacaq”.

Aeroportdan həmçinin bildirilib ki, bundan başqa, Bakı-Cenevrə reysi də fevralda dayandırılacaq: “Cenevrə istiqamətində son uçuş fevralın 11-də yerinə yetiriləcək. Bu aviareys üzrə uçuşların nə vaxt bərpa olunacağı hələ bilinmir. Belə ki, mart ayına cədvəl üzrə Bakı-Cenevrə aviareysi üzrə uçuş nəzərdə tutulmayıb”.

Qeyd edək ki, AZAL həmçinin hər il olduğu kimi, fevral ayında Bakıdan Nyu-York istiqamətində uçuşları dayandıracaq. Sözügedən reys mart ayında bərpa olunacaq.

Xatırladaq ki, ötən il ərzində xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 13,4% artaraq 5 567,7 min nəfərə çatıb. Xaricə gedən ölkə vətəndaşlarının 16,7%-i hava nəqliyyatından istifadə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)