Bank

Pulunun 69 faizini real iqtisadiyyata qoyub: xalis mənfəəti 6 dəfə artıb

Azərbaycanın bank bazarında 28 ildir ki, fəaliyyət göstərən “TuranBank”ın   aktivlərində nəzərə çarpacaq rəqəmlər qiymətli kağızlara investisiya yatırımı həcminin artması və “Nostro” hesablarındakı kəskin fərqdir. Belə ki, 2019-cu ildə bankın “Nostro” hesablarındakı vəsaitləri 50 mln. manat azalıb. Bank pulunu daha çox qiymətli kağızlara yatırmağa başlayıb və ilin əvvəlində 3 mln. 962 min manatlıq qiymətli kağızı vardısa, ilin sonunda bu rəqəm 20 mln. manata çatıb.

 

Aktivlərdə kredit portfelinin payı yüksəkdir

“TuranBank”ın 2019-cu ildə aktivləri ümumilikdə 0,6% azalaraq 489 milyon 538 min manata düşüb. Kredit portfelində cəmi 27 mln. manatlıq və ya 8,7% artım diqqətə çarpır və kredit portfelinin cəmi həcmi 340 mln. 233 min manatdır. Bu isə o deməkdir ki, aktivlərdə kredit portfelinin çəkisi 69,5% təşkil edir. Təbii ki, bu ad bankın aktivlərinin kreditləşmədə istifadə payının yüksək olduğunu, vəsaitlərdən aktiv istifadı edildiyini göstərir.

 

Səhm buraxaraq kapitalını artırıb

Hesabat dövrünün sonuna “TuranBank”ın öhdəlikləri 414 milyon 757 min manat olub ki, bu illik müqayisədə 4,3% azalma deməkdir. Öhdəliklərdə baş verən azalma müştəri depozitlərinin düşməsi, eləcə də “TuranBank”da digər bankların depozit və kreditlərinin həcminin azalması ilə bağlıdır. Bankın 70 mln. manat nizamnamə kapitalı var və səhm emissiyasından 724 min manat əldə edərək kapitalına əlavə edib. Nəticədə dekabrın 31-nə bankın kapitalı 74,781 mln. manata (artım 26,5%) yüksəlib.

“TuranBank”ın məcmu kapitalı 77 mln. 441 min manat təşkil edir. Adekvatlıq əmsalı isə normadan yüksəkdir və 21,9% təşkil edir.

 

Bölüşdürülməmiş 2 mln. manat zərəri var

Bankın bölüşdürülməmiş 2 mln. manat zərəri mövcuddur. Bank investisiya məqsədilə 18 mln. manat xərcləyib. Pul vəsaitlərinin hərəkətinə görə, bankın pul vəsaitləri illik 53 mln. 554 min manat azalıb. Nəticədə dövrün əvvəlinə bankın 109 mln. 250 min manatı vardısa dövrün sonunda bu 55 mln. 696 min manata düşüb.

 

Vaxtı keçmiş kreditlərin çoxu ticarət və xidmət sektorundadır 

Bankın real sektora qoyduğu kreditlərin həcmi ümumi kredit portfelinin 69%-ni təşkil edir. Bank pulunun ancaq 31%-ni istehlak kreditlərinə verib. Vaxtı keçmiş kreditlərin arasında isə ticarət və xidmət sektoru üstünlük təşkil edir. Vaxtı keçmiş kreditlərin ümumi portfelin 3,56%-ni təşkil edir.

 

Ehtiyatlarını artırıb

Ötən ilin yekunları üzrə bankın xalis mənfəəti 416 min manat təşkil edib, bu da 2018-ci ilin göstəricisindən 5,9 dəfə çoxdur.

2019-cu ildə “Turan Bank”ın gəlirləri 38 milyon 706 min manat olub ki, bu da illik müqayisədə 14,1% çoxdur. Analoji olaraq 13,3% artan xərclər isə  37 milyon 605 min manat təşkil edib. Bank xüsusi ehtiyatlara 684 min manat ayırıb və mənfəət vergisi ödəməyib.

Qeyd edək ki, “TuranBank” 1992-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Səhmdarları 29 hüquqi və fiziki şəxsdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

İlhamə Xanlarqızı