Yerli istehsal idxalın 0,4%-ni təşkil edir: 175 avtomobil satılmayaraq anbarda qalıb
2019-cu ildə Azərbaycanda 2,36 min ədəd minik avtomobili istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci illə müqayisədə avtomobil istehsalı 2,4 dəfə artıb. Bu artım 2018-ci ilin aprel ayında Azərbaycanda minik avtomobillərinin istehsalnın bərpa olunması ilə əlaqədardır. Ümumilikdə yerli istehsalın həcmi isə 2019-cu il üzrə idxallın 0,4 faizini təşkil edir.
ENA.az xəbər verir ki, rəqəmlərə əsasən, Azərbaycanda 2019-cu ilin yanvar ayında 89 ədəd, fevral ayında 87 ədəd, mart ayında 107 ədəd, aprel ayında 153 ədəd, may ayında 490 ədəd, iyun ayında 186 ədəd, iyul ayında 192 ədəd, avqust ayında 192 ədəd, sentyabr ayında 192 ədəd, oktyabr ayında 200 ədəd, noyabr ayında 192 ədəd, dekabr ayında 288 ədəd avtomobil istehsal olunub.
1 yanvar 2020-ci il tarixinə anbarlarda 175 ədəd minik avtomobili var.
2019-cu ildə Azərbaycanda 905 ədəd müxtəlif təyinatlı traktor (azalma 30,5%) istehsal olunub. 2020-ci il yanvarın 1-nə anbarlarda 289 ədəd traktor var.
Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur. Hazırda avtomobil istehsalı yalnız Neftçala avtomobil zavodunda həyata keçirilir.
Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.
2019-cu ildə isə ümumilikdə Azərbaycana idxal olunan avtomobillərin sayı 47 min 710 olub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 547-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 43 min 156-sı əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 3780-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 227-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.