Nağdsız ödənişlərin illik həcmi təqribən 17 milyard manat artacaq
Bu ilin sonunadək makroiqtisadi sabitlik, xüsusilə, manatın məzənnəsinin sabitliyi qorunacaq.
"BI" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədrini birinci müavini Alim Quliyev bu gün Bakıda keçirilən beyəlxalq bank forumunda çıxışında bildirib.
“2018-ci ildə ölkədə makroiqtisadi sabitlik təmin edilib. İlin sonunadək bu sabitlik tədbirləri birmənalı olaraq müsbət xarakterli olacaq. İlin sonunadək bu sabitlik, xüsusilə də manatın məzənnəsinin sabitliyi qorunacaq”, - deyə o qeyd edib.
A.Quliyev bildirib ki, “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası ilə “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan hədəflərə nail olunacaq.
“Qiymətləndirmələrə görə, nağdsız ödənişlərin illik həcmi təqribən 17 milyard manat artacaq. Bu isə nağdsız ödənişlərin payının hər il 7% artmasına imkan verəcək. Nəticədə, bütövlükdə iqtisadi dövriyyələrdə nağd ödənişlərin payı 74 faizdən 40%-ə qədər azalacaq.”