Aqrar

Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi məlum olub - QƏRAR

Nazirlər Kabineti "Aqrar sığorta üzrə təminat verilən risqlərin tərkibi haqqında"  Qərar qəbule edib (https://cabmin.gov.az/az/document/4163/). 

 

"ENA" xəbər verir ki, Nazirlər Kabineti  qərarın izahını da verib.

Qeyd edilib ki, məlumat bazasının məhdudluğu, aqrar sığorta sahəsində tariflərin hesablanması üzrə metodologiyanın, kənd təsərrüfatı sığortası üzrə sığorta risklərinin və dəymiş zərərlərin qiymətləndirilməsi təcrübəsinin və sahə üzrə xarici və daxili təkrarsığortaçılarla əməliyyatların yetərli səviyyədə olmaması, kənd təsərrüfatı sığortası üzrə zərərliliyin yüksək olması, həmçinin beynəlxalq təcrübədə əksər ölkələrin tam miqyasda sığortalanmaya mərhələli şəkildə keçməsini nəzərə alınaraq aqrar sığorta sisteminin tətbiqinin ilkin mərhələsində bir sıra risklərin aqrar sığorta təminatına alınması məqsədəuyğun hesab edilir. Bununla əlaqədar olaraq təklif edilənlərin aqrar sığorta təminatına daxil edilməli sığorta riskləri kimi götürülməsinin zəruriliyi aşağıdakı amillərlə bağlıdır:

 

1.Təbii fəlakətlər: zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, dolu.

Zəlzələ - Yer kürəsinin qabığında və ya onun yuxarı mantiyasında gedən tektonik hərəkətlər səbəbindən böyük enerji yaradır. Bu enerji çevik seysmik dalğalar şəklində Yer kürəsinin qabığında yayılır və onun səthində parçalanma proseslərinə və dağıntılara səbəb olur. Zəlzələnin gücü torpaq səthinin yırğalanma intensivliyi (0-dan 12-yə qədər ballarla) ilə ölçülür.

Zəlzələ bir çox hallarda ağır fəlakətli nəticələrə - müxtəlif binaların və mühəndis tikililərinin dağılmasına, insan itkisinə, kütləvi yanğınlara, elektrik və qaz şəbəkələrinin zədələnməsinə, istehsalat qəzalarına, bina-tikililərin dağılmasına və uçmasına görə yolların bağlanmasına, çay axınlarının məcrasının dəyişməsinə görə yaşayış məntəqələrinin su basmasına gətirib çıxarır.

Kənd təsərrüfatında isə zəlzələ toxum, yem, hazır məhsul anbarlarının, mal və quş tövlələrinin dağılmasına, həmçinin suvarma, kultivasiya, gübrələmə, heyvanlara qulluq və tarlalarda bitkilərin becərilməsi kimi kənd təsərrüfatı işlərinin dayanmasına, heyvandarlıq və quşçuluq komplekslərində baxımsızlıq, heyvanların tələf olması və digər fəsadlara səbəb olur.

Azərbaycan Respublikası ərazisi bütövlüklə 7 ballıq zəlzələ rayonu hesab edilir. Abşeron yarımadası, Dağlıq Şirvan (xüsusilə Şamaxı), Şəki-Zaqatala zonası, Kiçik Qafqazda isə Gəncə şəhəri və onun cənub ətraf əraziləri 8 ballıq zəlzələ rayonuna aid edilir.

Torpaq sürüşməsi – dağ yamaclarında, o cümlədən çay, dəniz və göl sahilləri boyu yüksələn dağ yamaclarında ağırlıq gücünün təsiri ilə dağ qayalarının və torpaq kütlələrinin sürüşmə ilə hərəkət etməsi prosesidir. Sürüşmə zamanı yerini dəyişmiş qruntun həcmi çox böyük ola bilər. Sürüşmə yaşayış evlərinin və mühəndis obyektlərinin (yollar, körpülər, magistral boru kəmərləri, elektrik ötürücü xətlər və sair) dağılmasına və ya zədələnməsinə, insanların xəsarət alması və ya həlak olmasına səbəb ola bilər.

Kənd təsərrüfatında isə sürüşmə xüsusilə dağ yamaclarında tikilmiş ferma, anbar sahələrinin, həmçinin yamaclarda salınmış bağ və tarlaların, suvarma sistemlərinin sıradan çıxmasına gətirib çıxarır.

Azərbaycanda aktiv sürüşmə zonaları İsmayıllı, Ağsu rayonunun dağlıq hissəsini, Şamaxı rayonunu və şimali-şərq yamacını, Xızı, Quba və Qusar rayonlarını, həmçinin Böyük Qafqazın şərq qurtaracağında yerləşən Abşeron yarımadasını əhatə edir.

 

Qasırğa - dağıdıcı gücə malik və uzun müddətli sürəti 32 metr/saniyədən çox olan küləkdir.

Son illərdə Azərbaycanda qasırğalar daha tez-tez baş verir. Abşeron yarımadasında küləyin sürəti 41, Zərdabda 38, Neftçalada 35, Gəncədə 35-40 metr/saniyəyədək müşahidə edilir. Zərdabda, Mingəçevirdə 33-36 metr/saniyə gücündə qasırğa müşahidə olmuşdur. Son illərdə Gəncədə, Bakıda saniyədə 40 metr sürəti olan qasırğalar da baş vermişdir.

Azərbaycanda qasırğalar daha çox ölkənin qərb hissəsində, xüsusilə Gəncə-Qazax zonasında qeydə alınır. Ağdaş, Göyçay, Zərdab rayonlarında da qasırğaların baş verməsi halları müşahidə edilir.

Kənd təsərrüfatında qasırğaların fəsadları təsərrüfat tikililərinin uçması, bağlarda meyvələrin tökülməsi, ev heyvanlarının qırılması və sair hadisələr hesab olunur.

 

Fırtına – dənizdə güclü dalğa yaradan, quruda dağıntılara səbəb ola bilən sürəti 20 metr/saniyədən çox olan güclü küləkdir.

Kənd təsərrüfatında bu təbii fəlakət prosesləri səbəbindən yaranmış mənfi hallara kənd yaşayış məntəqələrinin və hidrotexniki qurğuların dağılması və ya onların sıradan çıxması, sahilboyu ərazilərin su basması, heyvanların həlak olması kimi və sair hadisələr daxildir.

Azərbaycanda son illərdə fırtınalar Gəncə, Daşkəsən, Göygöl, Şəmkir, Samux və Gədəbəy rayonlarında, Abşeron yarımadasında müşahidə edilir.

Dolu - Azərbaycan dünyanın ən çox doluvurmaya məruz qalan ölkələrindən biridir. Təbii vilayətlərdə dolu hadisələri əsasən aprel-iyun aylarında (73-86%), daha sonra isə sentyabr-oktyabr aylarında müşahidə olunur.

Böyük Qafqazın cənub yamacında şimal-şərq yamaca, Kiçik Qafqazın cənub hissəsində şimal-şərq hissəyə nisbətən daha çox dolu düşür. Mərkəzi Aran və Lənkəran rayonlarında dolu hadisələrinə az təsadüf olunur. Dolunun əsas hissəsi 500-1500 metr hündürlüklər arasında müşahidə edilir. Böyuk Qafqazda (20%-li təminatda) dolulu günlərin sayı 2-7, 80%-li təminatda isə 1-2 gündür. Bu kəmiyyətlər Kiçik Qafqazda, müvafiq olaraq 1-6, 0,5-1,5, Naxçıvanda 2-9, 1-4, Lənkaran rayonunda isə 1-3, 0,7-0,8 gün təşkil edir.

Dolu riski kənd təsərrüfatında isə bitkilərin zədələnməsi və ya məhv olması, meyvələrin tökülməsi, heyvanların zədələnməsinə və digər ağır nəticələrə gətirib çıxarır. Eyni zamanda dolu riski bəzi bitkilərin nəinki məhsuldarlıq, hətta keyfiyyət itkisinə də səbəb olur.

 

2.Yanğınlar.

Quraqlıq illərində təbii (meşə və ya çöl) yanğın olduqca yayılmış təbiət hadisəsidir və təsərrüfata böyük ziyan vurur.

Yanğının yaranmasının əsas səbəbi alovlandırıcı və partlayıcı maddələrə qarşı məsuliyyətsizlik, şimşək, nasaz elektrik xətləri, quraqlıq səbəbindən temperaturun artması ilə ot və quru bitkilərin öz-özünə yanmasıdır.

Meşədən əlavə, yanğın çöllərdə, açıq yerdə, quru otun və ya gətirilmiş dənli bitkilərin zəmisi (yulaf, buğda və sair) olan yerlərdə yarana bilər.

Güclü külək zamanı alov cəbhəsinin hərəkətinin sürəti 25-30 km/saata çatır, dağlıq yerlərdə isə (yanğının hündürlüyə yayılması zamanı) 50 km/saatdan artıqdır.

Yanğın olduqca təhlükəli təbiət hadisəsidir, çünki o, güclü zədələyici faktorları əhatə edir. Yüksək temperatur təsərrüfat tikililərini, heyvandarlıq komplekslərini, quşçuluq fermalarını, digər tikililəri sıradan çıxarır və canlı itkisinə səbəb ola bilər.

3.Bitki xəstəlikləri və zərərvericiləri: taxıllarda pas xəstəliyi, üzümlərdə mildiu xəstəliyi, siçanabənzər gəmiricilər, çəyirtkəkimilər, aralıq dənizi meyvə milçəyi, mərmər bağacığı.

Taxıllarda pas xəstəliyi - bu xəstəliyinin inkişafına meteoroloji amillər (temperatur, rütubətlilik, yağıntılar və s.) çox güclü təsir göstərir və xəstəlik törədiciləri bitkilərin bütün vegetasiya dövründə kütləvi inkişaf etmək qabiliyyətinə malikdir. Bitkinin yarpaqları və gövdəsi güclü zədələnir. Zədələnmiş gövdələr qırılır və torpağa yatır.

Üzümlərdə mildiu xəstəliyi - törədicisi göbələkdir. Göbələyin mitselləri bitkinin hüceyrələri arasındakı boşluqlarda inkişaf edir. Meteoroloji amillər (temperatur, rütubətlik, yağıntılar və s.) xəstəlik törədicilərinin əlverişli inkişaf etməsinə şərait yaradır. 2-3 günlük intensiv yağışların olması və temperaturun yüksəlməsi xəstəlik törədicilərinin kütləvi inkişafına və yayılmasına səbəb olur.

Bitki və bitkiçilik məhsulları üçün böyük risk yaradan xəstəlik və zərərvericilər xüsusi təhlükəli zərərli orqanizmlərdir. 10 təsərrüfat ili ərzində 2 və daha çox il kütləvi çoxalaraq, məhsulun 30%-dən çox hissəsinin itirilməsinə səbəb olan zərərli orqanizmlər - xüsusi təhlükəli zərərli orqanizmlər adlanır. Azərbaycan ərazisində kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üçün bu qrupdan olan siçanabənzər gəmiricilər və çəyirtkəkimilər daha təhlükəlidirlər.

Siçanabənzər gəmiricilər - müxtəlif bitkilərlə, onların yaşıl kütləsi, yeraltı hissələri, meyvələri, kök və toxumları, gövdə qabıqları ilə qidalanır. Əsasən də gecə saatlarında daha fəal qidalanırlar. Qış dövrü üçün yuvalarına qida ehtiyatı yığırlar.

Artıb-çoxalma potensialının yüksək olması (il ərzində 7-10 nəsil verməsi) və erkən cinsi yetişkənliyə çatması siçanabənzər gəmiricilər üçün səciyyəvi haldır. Əlverişli mülayim hava-iqlim şəraitində ilboyu çoxalıb, inkişaf edə bilirlər.

Siçanabənzər gəmiricilər bitkilərin vegetasiya müddətində bütün kənd təsərrüfatına, xüsusilə də dənli bitkilər və çoxillik otlar əkilmiş sahələrə, meşə sahələrinə və s. güclü zərər vururlar. Əkin dövriyyəsinə daxil olmayan sahələrdə, xam torpaqlarda, yol kənarlarında, dağətəyi və düzənlik ərazilərdə, yamaclarda, fermaların yaxınlığında, otlaqlarda və s. yerlərdə asanlıqla rezervasiya mənbəyi yaratmaq xüsusiyyətlərinə malikdirlər.

Çəyirtkəkimilər - bitkilərin bütün yaşıl kütləsini məhv edir. Sürü halında yaşayırlar. Sürfələri 2-ci yaş mərhələsindən başlayaraq kuliqalarla (dəstələr halında) hərəkət edirlər. Sürfələrin sıxlığı 1 m2- də bir neçə minə çatır.

Fasiləsiz qidalanan zərərvericilərə aiddir. Havanın hərarəti orta normanı aşdıqda və yağıntı normadan aşağı olduqda çəyirtkəkimilərin inkişafı intensivləşir. Mövsüm dövründə çəyirtkəkimilər 50-75 km və daha uzaq məsafələrə uça bilirlər. Onlar qonşu ölkə və ərazilərə asanlıqla miqrasiya etmə qabiliyyətinə malikdirlər. Süfrələrin 1-3-cü yaş mərhələsindən sonra kimyəvi mübarizə aparılması az səmərəlidir. Artıb-çoxalma potensialları yüksəkdir. Yumurtalarını xam, əkilməmiş, dağətəyi, çətin keçilə bilən ərazilərdə 2-3 (bəzən 4) küpədə qoyur. Hər küpədə orta hesabla 30 yumurta olur.

Qonşu ölkələrdə (Türkiyə, Gürcüstan, İran və s.) geniş yayılmış, Azərbaycanın kənd təsərrüfatı əkinlərinə keçmə ehtimalı yüksək olan və 200-dən artıq bitki növləri ilə qidalanan, ixrac potensialının əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olan Aralıq dənizi meyvə milçəyi və Mərmər bağacığı kimi xarici karantin obyektləri də təhlükəli zərərvericilərdir. Onların da bitki xəstəlik və zərərvericiləri üzrə sığortasına təminat verilən risklərin tərkibinə daxil edilməsi məqsədəuyğun olardı.

4.Yoluxucu xəstəlik və zəhərlənmələr: karantin və xüsusi təhlükəli yoluxucu (ekzotik) xəstəliklərin siyahısına daxil olan xəstəliklər istisna olmaqla digər yoluxucu xəstəliklər nəticəsində ölüm, ilan və ya həşərat sancması nəticəsində ölüm, zəhərli otlardan və yemlərdən zəhərlənmə nəticəsində ölüm, kütləvi zəhərlənmələr nəticəsində ölüm.

İlan və ya həşərat sancması nəticəsində ölüm - əsasən quraq və isti ərazilərdə zəhərli sürünənlər və həşəratlar çox olur. Həmin ərazilərdə heyvanlar saxlanılan və otarılan zaman zəhərli sürünənlər və həşaratlar tərəfindən sancma hallarına rast gəlinir ki, bunun da nəticəsində heyvanlar arasında zəhərlənmə və təlafat halları baş verir. Bunları nəzərə alaraq qeyd olunan zəhərlənmələrin risk qrupuna aid edilməklə baş vermiş ölümün aqrar sığorta tərəfindən qarşılanması məqsədəmüvafiq hesab edilir.

Zəhərli otlardan (qara quşüzümü və şirin quşüzümü, qaymaqçiçək otu, su baldırğanı, asırqal otu, günçiçəyi otu, öldürgən otu, qaramuq otu, südləyən otu, qatırquyruğu otu, təzə cücərmiş kalış və s.) və yemlərdən zəhərlənmə nəticəsində ölüm - əsasən yaz fəslində çəmən otları ilə birlikdə zəhərli (toksiki təsirə malik) otlar da cücərir. Heyvanlar otlaq sahələrində otarılan zaman zəhərli təsirə malik otlarla qidalanır və nəticədə zəhərlənmə halları baş verir. Belə zəhərlənmələrin də riski nəzərə alınaraq baş vermiş zəhərlənmələrdən əmələ gələn təlafat hallarının aqrar sığorta tərəfindən qarşılanması məqsədəmüvafiq hesab edilir.

Kütləvi zəhərlənmələr nəticəsində ölüm - əkin sahələrində gəmirici və ziyanvericilərə qarşı kimyəvi maddələr vasitəsilə tədbirlər aparıldıqdan sonra bilmədən heyvanların həmin ərazilərə ötürülməsi nəticəsində baş verən ölümlərin risk amili kimi qiymətləndirilməsi və dəymiş zərərin aqrar sığorta tərəfindən qarşılanması məqsədəmüvafiq hesab edilir.

 

5.Vəhşi heyvanların hücumu nəticəsində ölüm.

Heyvanlar otlaqda otarılması və həyətlərdə saxlanılması zamanı vəhşi heyvanların (canavar, çaqqal, tülkü, ayı və s.) hücumlarına məruz qalması faktları heyvan sahibindən asılı olmadığı üçün onların təlafatı risk qrupuna aid edilməklə dəyərinin ödənilməsi məqsədəuyğun hesab edilir.

 

6.Üçüncü şəxslərin hərəkətləri (nəqliyyat vasitələri ilə qəza və qəsdən öldürmə).

Nəqliyyat qəzaları və şəxsi münasibətlər zəminində qəsdən öldürmə nəticəsində ilkin olaraq hadisə risk qrupuna aid edilməklə tələfatın dəyəri heyvan sahibinə ödənilməli, sonrakı araşdırma nəticəsində sığorta ödənişi təqsirkarın hesabına təmin edilməlidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department