MALİYYƏ

Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib

Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib.

Təbrikdə deyilir: "Əziz həmvətənlər! Hörmətli soydaşlar! Azərbaycan xalqının milli-mənəvi bütövlüyünü təcəssüm etdirən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

İlk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunmuş bu tarixi gün xarici ölkələrdə məskunlaşıb yaşayan milyonlarla soydaşımızın azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birliyinin və Vətənə sədaqətinin rəmzi kimi hər il xalqımız tərəfindən ruh yüksəkliyi ilə bayram edilir.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra yaxın keçmişimizin bir çox tarixi sınaq anlarında mütəşəkkil birlik və həmrəylik nümayiş etdirərək, bütün sahələrdə böyük inkişafa və uğurlara nail olmuşdur.

Bu gün Azərbaycan dövləti müstəqil daxili və xarici siyasəti, artan beynəlxalq nüfuzu, iqtisadi, siyasi və hərbi gücü ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bir çox qlobal transmilli və regional layihələrin təşəbbüskarı və iştirakçısı olan ölkəmiz dünyanın enerji təhlükəsizliyinə sanballı töhfələr verməklə, regionda mühüm tranzit və logistika mərkəzinə çevrilmişdir. Zəngin təbii resurslarımız və iqtisadi potensialımız Azərbaycanın geostrateji mövqelərinin daha da güclənməsinə etibarlı zəmin yaradır və biz bu istiqamətdə ardıcıl siyasətimizi davam etdirəcəyik.

Sosial-iqtisadi, siyasi-hüquqi sahələrdə və dövlət idarəetməsində həyata keçirilən sistemli islahatlar, milli müstəqillik ideallarına sadiq, müasir dünyagörüşlü gənclərimizin bu prosesə daha fəal cəlb edilməsi bizi inamla qarşıya qoyduğumuz inkişaf strategiyasının hədəflərinə yaxınlaşdırmaqdadır. Uğurlu siyasətin nəticəsidir ki, ölkədə möhkəm ictimai-siyasi sabitlik və milli-mənəvi həmrəylik təmin edilmiş, insanlarımızın maddi rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Dünyanın ayrı-ayrı bölgələrində mürəkkəb etno-siyasi proseslərin, din və məzhəb qarşıdurmalarının, humanitar fəlakətlərin baş verdiyi bir vaxtda Azərbaycan sabitliyin, etnik-dini tolerantlığın və multikultural ənənələrin qorunub saxlanıldığı unikal məkandır. Müasir dövrdə insanları narahat edən sülh və təhlükəsizlik məsələlərinin, sivilizasiyalararası dialoq problemlərinin müzakirə edildiyi bir çox mötəbər beynəlxalq tədbirlərə, o cümlədən Dünya dini liderlərinin II Sammitinə, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi və növbəti üç ildə bu Hərəkata sədrliyin Azərbaycan Respublikasına keçməsi dövlətimizin beynəlxalq nüfuzunun bariz nümunəsidir. Təsadüfi deyil ki, bu gün dünyanın ən gözəl şəhərləri sırasında yer alan paytaxtımız Bakı qlobal miqyasda sülhün və əmin-amanlığın təminatı üçün önəmli çağırışlar mərkəzinə çevrilmişdir.

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanda “Nəsimi İli”nin elan edilməsi ictimai-mədəni həyatımızın builki əlamətdar səhifələrindən biridir. “Nəsimi İli” çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda keçirilmiş rəngarəng tədbirlər Azərbaycan mədəniyyətinin ümumbəşəri əhəmiyyətinin daha bir nümayişi olmuşdur.

Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli və ərazi bütövlüyümüzün bərpası taleyüklü bir vəzifə olaraq qarşıda durur. Dövlətimizin iqtisadi-hərbi qüdrəti, beynəlxalq aləmdə getdikcə güclənən mövqelərimiz və fəal siyasi-diplomatik səylərimiz bu ağrılı problemin Azərbaycanın milli maraqlarına uyğun həlli üçün səfərbər edilmişdir. Son illər ordumuzun cəbhədə qazandığı uğurlar da göstərir ki, əzəli və əbədi Azərbaycan torpağı Qarabağın düşmən tapdağından azad ediləcəyi və tarixi ədalətin zəfər çalacağı gün uzaqda deyildir.

Azərbaycan Respublikası hazırda özünün parlaq və davamlı inkişaf dövrünü yaşayır. Dünyanın müxtəlif guşələrində məskunlaşan, lakin qəlbi daim Azərbaycan eşqi ilə döyünən soydaşlarımız da bu tarixi prosesdən kənarda deyil və onların xalqımızın tərəqqisində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində təqdirəlayiq xidmətləri yüksək qiymətləndirilməlidir.

Ümidvaram ki, harada yaşamalarından asılı olmayaraq, soydaşlarımız məskunlaşdıqları ölkələrin həyatına inteqrasiya ilə yanaşı, öz milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini, tarixi Vətənlə bağlılığı qoruyacaq, Azərbaycanın bu günü və aydın sabahı naminə əməl və əqidə birliyi, sarsılmaz həmrəylik nümayiş etdirəcəklər. Xarici ölkələrdəki çoxsaylı diaspor təşkilatlarımızın gələcəkdə də əzmkar iradə və yüksək vətənpərvərliklə bu amallar uğrunda çalışacağına, xalqımızın və dövlətimizin şərəfli adını daim uca tutacağına inanıram.

Bu yolda hamınıza uğurlar, cansağlığı, ailələrinizə xoşbəxtlik və firavanlıq arzulayıram.

Bayramınız mübarək olsun!"

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)