Əsl təhsil əldə etmək yerinə elmi ad əldə etmək
Cəmiyyətdə hər birimizi ciddi şəkildə düşündürən və həyat tərzimizə təsir edən məsələlərdən biri də təhsildir. Təhsil elə bir sahədir ki, kimliyindən, vəzifəsindən, sosial statusundan asılı olmayaraq həmin sahə özümüzü dərk etməyə başlayandan ömrümüzün sonuna qədər bizi həm birbaşa, həm də övladlarımız vasitəsilə öz təsir dairəsində saxlayır. Təhsilin əhəmiyyətini hər bir kəs anlayır. Bu barədə danışmaq yersizdir. Çünki əhəmiyyəti ilə bağlı fikirlər demək olar ki, yekdildir. Amma vəzifələri ilə bağlı müxtəlif fikirlər var.
Cəmiyyətdə təhsillə bağlı çox müzakirələr keçirilib. Dəfələrlə təhsilin infrastrukturu, pillələri, ali məktəblərə qəbul imtahanlarının forması və sair məsələlər müxtəlif səviyyələrdə təhlil olunub, fikir mübadilələri və dəyişikliklər olub, qərarlar qəbul olunub. Bəs təhsilin əsas hədəfi, vəzifəsi nədir və nə olmalıdır?
Təhsilin birinci təməl vəzifəsi cəmiyyətin hər bir üzvünə savad verməkdir. Yəni, cəmiyyətin hər bir üzvü oxuyub-yazmağı, müxtəlif sahələr üzrə təməl prinsipləri qavramalı, müəyyən dünyagörüşü əldə etməlidir. Bu danılmaz bir vəzifədir. Amma təhsilin əsas vəzifəsi isə zənnimcə aşağıdakı məsələnin həlli olmalıdır.
Cəmiyyətdə hamı fərd, vətəndaş, insan olaraq bərabər doğulur və bərabər hüquqa malikdir. Lakin, istedad, beyin gücü nəzərindən bərabər doğulmur. Yəni, biri istedadlı riyaziyyatçı olur, biri rəssam, birisi şahmatçı, digəri bəstəkar və sair. İstedadlı insanların cəmiyyətdə faiz nisbəti ilə çəkisi təqribən 5-6% ətrafındadır. Bu Azərbaycanda da belədir, ABŞ-da da, İsraildə də, Yaponiyada da. Təhsilin yuxarıda qeyd etdiyim birinci vəzifəsi əhalini savadlandırmaq, müəyyən ixtisas sahibi etməkdir.
Amma təhsilin əsas vəzifəsi həmin 5% istedadlı şəxsləri əhalinin içərisindən tapmaq, seçmək, onları yetişdirib cəmiyyətə təqdim etməkdir. Burada yetişdirmək kəlməsi çox geniş və dərin məna ifadə edir. Təkcə mütəxəssis kimi yetişdirmək yox, həm də insan kimi yetişdirmək əsas vəzifədir. Çünki, şəxsiyyət kimi formalaşmayan ən istedadlı kimyaçı, kompüter mütəxəssisi, həkim və ya maliyyəçi öz istedadını cəmiyyətin xeyrinə istifadə etmək əvəzinə cəmiyyətə qarşı da istifadə edə bilər, cəmiyyətə böyük zərər vurar.
Deməli, əsas məsələ cəmiyyətdə olan istedadlıları tapmaq, onları yetişdirib cəmiyyətə elə təqdim etməkdir ki, onlar həqiqi mənada cəmiyyətin inkişafında lokomotiv rolunu oynaya bilsinlər. Dünya ölkələrində təhsil sistemləri məhz buna fokuslanır. Həmin ölkələrdə qəbul imtahanları, fənlər, təhsilin pillələri və sair məsələlər əlbəttə müzakirə olunur, amma həmin məsələlər üzərində fokuslanmırlar. Çünki bu zaman əsas vəzifə arxa plana keçir, əsl təhsil əldə etmək yerinə elmi ad əldə etmək, formal nəticələr ön plana çıxır.
Hansı ölkə bu məsələni daha səmərəli və qabaqcıl şəkildə həll edə bilirsə o ölkədə daha çox istedadlı şəxs cəmiyyətdə öz yerini tutaraq lokomotivə çevrilir. Həmin ölkələr haqqında digər ölkələrdə belə bir səhv fikir yaranır ki, bu ölkə istedadlılar ölkəsidir və sair. Onlar bizlərdən fərqlənmir. Sadəcə təhsil sistemləri daha çox istedadlını üzü çıxarıb cəmiyyətə təqdim edə bilir. Diplom almaq deyil, bilik əldə etmək ön planda olur. Doğruluğuna ürəkdən inandığım fikirlə siz də razılaşarsınız: “istedadlıya kömək edin, istedadsız (öz digər dırnaqarası bacarıqları ilə) özünə yer tapacaqdır”.
Başqa bir məsələ var ki, bəzi ölkələr (məsələn ABŞ və sair) digər ölkələrdəki həmin 5%-in içərisində olan istedadları da öz ölkəsinə gətirərək cəmiyyətin gücünə güc qatır. Bu başqa bir mövzudur. Amma, bir ölkədə uşaqların 20%-i, digərində 2%-i istedalı doğulur fikri doğru deyil. Buna əmin ola bilərik. Əsas məsələ həmin istedadlıların maksimum şəkildə tapılıb cəmiyyətə təqdim edilməsi və cəmiyyətin də onlardan səmərəli istifadə etməsidir. Mən təhsil və onun vəzifəsi deyəndə gözümün önünə əsas bu amili gəlir. Müşahidə və təhlillər də bunu göstərir.
P.S. İqtisadçı-ekspert kimi makro və mikroiqtisadiyyat, bank-maliyyə, kənd təsərrüfatı sahələrində öz fikirlərimi bölüşürəm. Bu fikirlər isə təhsil eksperti olmadığım üçün sadəcə vətəndaş kimi subyektiv düşüncələrimdir.