MALİYYƏ

Ölkənin strateji valyuta ehtiyatları 12.7% artıb: AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankının bu gün elan etdiyi göstəricilərə əsasən, ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən 12.7% və ya 5.7 mlrd. dollar artaraq 50.4 mlrd. dollara çatıb.

ENA.az xəbər verir ki, bununla bağlı açıqlamaya əsasən, əlverişli beynəlxalq konyunktur və qeyri-neft sektorunun ixrac potensialının yüksəlməsi xarici ticarət balansında iri həcmli profisiti qorumağa imkan verir. Son bir ayda neftin dünya qiyməti yenidən artmağa meyil göstərmişdir. 11 ay üzrə brent markalı neftin 1 barelinin orta qiyməti 64.1 ABŞ dollar təşkil edib.

Bu, 2018-ci il üzrə orta qiymətdən (72 ABŞ dolları) aşağı olsa da ticarət balansının əhəmiyyətli profisitini təmin edir. İlkin rəqəmlərə görə cari ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 2.3%, o cümlədən, qeyri-neft ixracı 17.5% artmış, monetar qızıl idxalı nəzərə alınmadan qeyri-neft idxalının artımı 9% olmuşdur.

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)