"Nazirlik bu il 81 min nəfəri işlə təmin edib"
"Yaradıcı sənayenin gələcəyi çox böyük və genişdir. Texnologiyaların inkişafı, elmi-texniki biliklərin artması ilə yüzlərlə peşələr bu günədək sıradan çıxıb, gələcək dövrlərdə də sıradan çıxacaq. Odur ki, əmək resursları üçün yeni sahələr yaradılmalıdır".
"ENA" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirəsində deyib.
Onun sözlərinə görə, yeni sahələr insanın yaradıcı potensialına əsaslana bilər: "Belə sahələrdə məşğulluğa daha böyük ehtiyac duyulacaq. Yaradıcı sahələr də burada öncül yerdədir. Yaradıcı sahələrin daha bir özəlliyi burada xüsusi resurslara çox məhdud ehtiyacın olmasıdır. Çünki bu sahədə nə torpağa, nə yanacağa, nə də digər xüsusi resurslara ehtiyac var. Burada sadəcə insanın bilik, bacarıq və yaradıcılığına ehtiyac duyulur".
Nazir qeyd edib ki, digər tərəfdən yaradıcı sənayenin gəlirliliyi çox yüksəkdir: "Ona görə də burada imkanlar çox genişdir və bu, birmənalı olaraq dəstəklənməlidir. Bu gün Azərbaycanda çox yüksək məşğulluq səviyyəsinə nail olunub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən ölkədə işsizlik 4,4 %-dir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanları vasitəsilə təkcə bu il 81 min şəxs münasib işlə təmin olunub. 9009 nəfər özünüməşğulluq proqramlarına cəlb edilib. Bu ilin 11 ayında ümumilikdə 90 min işsizə və işaxtarana iş imkanları yaradılıb. Lakin qarşımızda ciddi çağırış durur, çünki Azərbaycan əhalisi artır. Hər il təxminən 100 min insan əmək bazarına daxil olur və onlar üçün yeni imkanlar yaradılmalıdır. Bu imkanların ən böyük siqmenti də məhz yaradıcı sənayedir. Hesab edirəm ki, bu sahədə təhsil müəssisələrimiz, peşə tədrisi mərkəzləri və aidiyyəti dövlət qurumları əlaqələndirilmiş işlə gələcək planlarını ciddi şəkildə qurmalıdırlar və qurulacaqdır".
S.Babayev vurğulayıb ki, cari ildə əmək müqavilələrinin sayı 150 mindən artıq artıb: "Bunun da 2/3-si özəl sektorun payına düşür. İnsanları maksimum maarifləndirməliyik ki, əmək münasibətlərinə girsinlər. Çünki qeyri-formal münasibətlər olanda, yaxud fərdi sahibkar kimi fəaliyyət göstərəndə onlar əmək və sosial hüquqlarını itirirlər və ya məhdudlaşdırırlar. Bu gün Azərbaycanda yaradıcı sənayenin böyük əksəriyyəti məhz fərdi sahibkar kimi və qeyri-formal bazarda fəaliyyət göstərirsə, onların statistik təhlil baxımından yaratdığı boşluq meydana çıxır, eləcə də gələcək və cari hüquqlarının qorunması baxımından çətinlik yaranır. Bu gün yaradıcı sənaye əlilliyi olan şəxslərə özlərini ifadə etmək, bizneslərini qurmaq, gəlir imkanlarını artırmaq üçün geniş potensial yaradır".