Özəl məhkəmə ekspertizası institutu yaradılır
“Prezidentin məhkəmə-hüquq sistemində islahatların dərinləşməsinə aid fərmanının icrasına dair qanunvericilik aktları paketi bu ilin iyul ayında qəbul olunub”.
Bunu Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşkilatçılığı ilə “Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: İxtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda keçirilən seminarda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov deyib. O qeyd edib ki, bu islahatların institusional komponentlərini əhatə edir və dəyişikliklər 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək:
“İslahatlara əsasən, inzibati və kommersiya məhkəmələrinin yaradılmasının hüquqi təməli qoyulub. Məhkəmə sistemində vahid hüquqi yanaşmanı təmin etmək tələbi ilk növbədə ədalət mühakiməsinin keyfiyyətini artıracaq”.
K.İmanov bildirib ki, yeni bir hüquqi institut-özəl məhkəmə ekspertizası institutu yaradılır:
“Mülki işlər, inzibati mübahisələr və inzibati xətalara dair işlər üzrə özəl məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmaq üçün irəli sürülən tələblər müəyyən edilir. Bu qanunların tətbiqinin 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur”.