Sosial iqtisadiyyat

"Əhali özü istəyir ki, mən seçkilərə qatılım - MƏN NİYƏ İSTƏMƏYİM”

Azərbaycanda bəzi müxalif siyasi partiyalar və bir qrup ictimai-siyasi fəal növbədənkənar parlament seçkisinə qatılmaq və onu boykot etmək dilemması qarşısında qalıb. Dekabrın 3-də Müsavat Partiyasının qərargahında keçirilən dəyirmi masada müxalifət təmsilçiləri bu sual ətrafında müzakirələr aparıb. Bəzi müxalif təmsilçilər seçkidə iştiraka müsbət yanaşsalar da, digərləri seçkiləri boykot etməyi təklif edib.

 “Meydanda verilən fürsəti dəyərləndirmək lazımdır”

ENA.az xəbər verir ki,  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlamasında bildirib ki, hər bir vətəndaş, istər müxalifət, istər iqtidar nümayəndəsi olsun - seçkidə iştirak hüququndan istifadə etməlidir:

“Müxalifət partiyalarının parlament seçkilərilə bağlı dünənki polemikalarını izlədim. Onların dialoq şəklində “seçkiyə qatılaq-qatılmayaq” dilemması geniş müzakirələrə səbəb olub. Seçkiyə qatılmaq istəyənlər də var, qatılmaq istəməyənlər də. Hətta seçkini boykot etmək istəyənlər də.

Eləcə də bax: Misir Mərdanov da deputat olmaq istəyir – AÇIQLAMA

Doğrudur, müxalifət partiyalarının tələblərinin bəzilərini, vaxt azlığı məsələsini də nəzərə almaq lazımdır. Bunun üçün vaxta ehtiyac var, proseslərə təmkinli yanaşmaq gərəklidir.

İkincisi, analiz edəndə baxmaq lazımdır ki, seçkini boykot etmək həmin partiyalara nə verəcək? Faktiki olaraq, tarix göstərdi ki, müstəqillik dövründən seçkinin boykot edilməsi həmin partiyalara heç bir müsbət təsir göstərməyib. Beynəlxalq təşkilatlar müəyyən irad bildirib, təkliflər versələr də, həmin partiyalar seçkidən kənarda qalırlar. Bütün bunları analiz edəndə qənaətə gəlmək olar ki, seçki bir meydandır. Bu meydanda verilən fürsəti dəyərləndirmək lazımdır, nəinki onu boykot etmək. Seçkidə iştirak etməyin tərəfdarı olanlar Müsavat Partiyası, ReAl Partiyası, Azərbaycan Xalq Partiyasının nümayəndələri, eləcə də Milli Strateji Düşüncə Mərkəzinin sədri  İsa Qəmbər, “Turan” Agentliyinin rəhbəri Mehman Əliyev oldular. Onlar  seçkiyə getmək lazım olduğunu bildirdilər. Bu insanlar çox yaxşı olaraq anlayırlar ki, seçkini boykot etmək həmin partiyalara heç nə vermir. Mən millət vəkili, həm iqtidar, həm müxalifətlə təmasda olan bir insan kimi onların hamısını seçkilərdə iştiraka dəvət edirəm”.

 Vacib qərar bu gün açıqlanacaq

Deputat xatırladıb ki, bu gün Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində ölkə Prezidentinin sorğusuna baxacaq və qərarını açıqlayacaq:

“Gözlənilir ki, bundan sonra cənab Prezident növbədənkənar parlament seçkilərinin keçirilməsilə əlaqədar fərman imzalayacaq”.

Dəyişikliyə getmək lazımdır”

V.Əhmədov bəzilərinin “parlamentin buraxılması islahat deyil” fikirlərinə də münasibət bildirib:

“Azərbaycanda bütün istiqamətlərdə kadr, struktur islahatları aparılır, vəzifələrdə gənclər önə çəkilir. Parlamentin bu islahatlardan kənarda qalması doğru sayılmaz. Ona görə də növbədənkənar seçkiləri normal qarşılamaq lazımdır. Bütün sahələrdə yenilənmə gedir. Prezident Adminstrasiyasında bir çox vəzifələrdə gənclərə üstünlük verilir, nazirliklərin rəhbərliyinə gənclər gətirilir. Yəqin ki, bu gəncləşməni Azərbaycan hökumətinin tərkib dəyişikliyində də müşahidə edəcəyik. Ona görə də gəncləşmə siyasəti parlamentə də şamil edilməlidir. Mən demirəm hamısı dəyişsin, amma dəyişikliyə mütləq gedilməlidir. Azərbaycan hamımızındır, həm müxalifətin, həm də iqtidarın. Buna görə də ölkəmizdə stabilliyi qoruyub saxlamağa çalışmalıyıq. Heç uzağa getməyək, qonşu İranda baş verənlər göz önündədir”.

“Kimin Qubadakı seçkilərə şübhəsi varsa, buyursun...”

Deputat sosial şəbəkələrdə müzakirə edilən “Parlamentin bu tərkibdə fəaliyyəti qənaətbəş hesab olunmursa və özünü buraxırsa, yenidən həmin şəxslərin öz namizədliyini irəli sürməsi doğru deyil” fikirlərilə razılaşmayıb:

“Yeni Azərbaycan Partiyası Milli Məclisdə hakim partiya olduğu üçün bu məsələni faktiki olaraq onlar qaldırıb. Əvvəla parlament bu tərkibdə işlədiyi 4 il ərzində heç bir problem yaratmayıb, dövlət başçısının apardığı siyasət dəstəklənib. Bəzi qanunların müzakirəsi zamanı mübahisələr düşsə də, sonda qəbul edilib. Müzakirələrdə fikir dilemmasının yaranmasını da normal qarşılamaq lazımdır.

Dövlətdə islahat gedirsə, bunu Milli Məclisə də şamil etmək lazımdır ki, gənclər parlament tribunasında cəmiyyətə səslənə bilsinlər. “Milli Məclis işinin öhdəsindən gələ bilmir deyə, buraxıldı” fikrilərilə qətiyyən razılaşmıram. Çünki Milli Məclisdə kifayət qədər təcrübəli, dövlət siyasətini, dövlət müstəqilliyini dəstəkləyən, seçicilərin səsinə arxalanan insanlar var. Necə ola bilər ki, onlar parlamentdə qeyri-adekvat addımlar atsınlar? İqtisadi siyasət komitəsində həmişə mübahisələr olub. Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılanda mən həmkarım Əli Məsimli ilə birlikdə buna qarşı çıxdıq, dövlət büdcəsi üçün əlavə yükə çeviləcəyini bildirdik. Bizim dediyimiz də öz təsdiqini tapdı. Cənab Prezident bu Palatanı ləğv etdi”.

O ki qaldı seçkilərin qeyri-şəffaf keçirilməsilə bağlı iddialara, deputat bu məsələdə özünə əminliyini ifadə edib:

“Bir dəfə Bakıdan, üç dəfə Qubadan deputat seçilmişəm”.

V.Əhmədov demokratik seçkilərə şübhəsi olanlara Qubadakı seçkiləri müşahidə etməyi təklif edib:

“Parlamentdə yaxşılarla yanaşı, pislər də var. Amma bunu bütün parlamentə şamil etmək doğru yanaşma deyil. Mən növbəti seçki ilə bağlı qərarımı vermişəm. Əhali özü istəyir ki, mən növbəti parlament seçkilərində iştirak edim. Bunu seçicilər istəyirsə, mən niyə istəməyim”.

Dekabrın 2-də Milli Məclis parlamentin buraxılması ilə bağlı dövlət başçısına müraciət edib. Prezident İlham Əliyev parlamentin buraxılmasının Konstitusiyaya uyğun olub-olmamasını yoxlayıb rəy verməsi üçün Konstitusiya Məhkəməsinə sorğu göndərib.
Bu dəqiqələrdə Konstitusiya Məhkəməsinin qərarı elan edəcəyi gözlənilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)