Təəssüf ki, heç nə StatKomun bəyan etdiyi kimi ''gül'' də deyil
Son günlərdə ən çox müzakirə olunan məsələlərdən biri avtomobil idxalı, gömrük rüsumları və avtomobil parkımız məsələsidir. Təbii ki, mən də müəyyən fikirlərimi və düşüncələrimi paylaşmaq istədim.
Əvvəlcə onu deyim ki, avtomobil parkımızın yenilənməsinin ən qatı tərəfdarıyam. Çünki, bu işin içində olan insan kimi köhnə avtomobillərin yaratdığı problemləri çılpaqlığı ilə görürəm, istər ekoloji problemləri, istər estetik problemləri, istər təhlükəsizlik problemlərini, istərsə də qəza statistikasında onların kritik payını. Təbii ki, məni ən çox narahat edən sonuncusudur, çünki, həyatda heç bir qazanc insan ömrünün bədəli deyil! Və təəssüf ki, heç nə StatKomun bəyan etdiyi kimi ''gül'' də deyil. Ölkə yollarında baş verən qəzaların sayı rəsmi rəqəmlərdən 100 dəfə daha çoxdur, o qəzalarda həlak olanların sayı da rəsmi rəqəmlərdən dəfələrlə çoxdur. Bu qəzalarda iştirak edən avtomobillərin böyük əksəriyyəti də mənbə ölkəsində rahat ''axirət'' dünyasını yaşamalı olduğu halda, bizdə ölməsinə imkan verilməyən xarici avtomobillər və ya rus istehsalı olan 1970 ci illərin ''texnologiya abidələri'' dir.
İndi gələk məsələnin ikinci hissəsinə, avtoparkın necə yenilənməsinə. İlk növbədə onu deyim ki, hamımız düşmüşük yazıq Gömrük Komitəsinin üstünə, amma Gömrük Komitəsi sadəcə icra və nəzarət orqanıdır. Bu sahədə qərarları verən də, rüsumları müəyyən edən də Nazirlər Kabinetidir. Amma, təbii ki, Gömrük Komitəsi bu mənzərəni çox yaxşı görən və bundan əziyyət çəkən bir qurum kimi təkliflərini verməlidir. Amma, təkliflər yalnız qadağa xarakterli olmamalıdır. Hər hansı bir hərəkəti qadağan etmək və ''olmaz'' demək ən asan şeydir. Hər hansı bir qadağa və ya məhdudiyyət qoyulmadan öncə vətəndaşlar üçün əlverişli şərtlərlə alternativlər yaradılmalı, vətəndaşların yeni avtomobillərə əlçatanlığı təmin olunmalıdır.
Konkret desək:
1. Yeni, xüsusilə də aşağı mühərrikli avtomobillər üçün gömrük yığımları, vergi və rüsumlar minimuma endirilməlidir.
2. Alternativ enerji ilə çalışan ( elektrik, günəş enerjisi, hidrogen, cng) avtomobillər bütün vergi və rüsumlardan azad edilməlidir.
3. Yeni avtomobillərin alınması üçün vətəndaşlara ən ucuz kredit və lizinq imkanları yaradılmalıdır.
4. Lüzumsuz avtomobilləşmənin qarşısını almaq üçün ideal ictimai nəqliyyat infrastrukturu yaradılmalıdır.
YALNIZ BÜTÜN BUNLAR TƏMİN OLUNDUQDAN SONRA köhnə avtomobillərin idxalının qarşısını almaq barədə düşünmək olar. Lakin, yenə də ZORLA yox, bəzi tədbirləri görərək və köhnə avtomobillərin gətirilməsi iqtisadi cəhətdən səmərəsiz edərək.
Məsələn:
1. Köhnə avtomobillər üçün vergi və rüsumları artıraraq
2. Köhnə avtomobillər üçün sığorta haqlarını ciddi şəkildə artıraraq.
3. Köhnə avtomobillər üçün texniki baxış şərtlərini ağırlaşdıraraq.
4. Köhnə avtomobillərin kommersiya (taksi, icarə) məqsədilə istifadəsini qadağan edərək.
5. Yeni avtomobillər üçün cəlbedici imkanlar (pulsuz parkinq, endirimli sığorta və s.) yaradaraq.
NƏTİCƏ OLARAQ, hörmətli qurumlara üzümü tuturam və deyirəm. Öncə insanlara yeni avtomobil əldə etmək üçün imkanlar yaradın, daha sonra qadağalarınızı tətbiq edin!!! Lütfən yenə məsələyə tərsinə yanaşmayın!
Xəyal Məmmədxanlı
Sığorta eksperti