BİZNES

Ağıllı insanların uğursuz olmasının 6 SƏBƏBİ

Şirkət rəhbərlərinin əksəriyyəti xırda səhvlərə yol verməyə meyllidir. Biznesin uğursuzluğa düçar olması da məhz ağıllı rəhbərlərin səhv qərarlar verməsi ilə əlaqədardır.

Misal olaraq Kodak şirkətini götürək – o, rəqəmsal fotoqrafiya texnologiyasını icad etdi və sonra inkişafı dayandırdı: rəhbərlər yeniliyin biznesin əsas fəaliyyət istiqamətinə zərər verəcəyindən qorxdular. Nəticədə, Kodak iflas etdi. Kodak-dan başqa daha bir nümunə də var – Xerox. Bu şirkət masaüstü kompüter ideyasını reallaşdıra bilməyib, Apple-ın mütəxəssislərinə öz ideyasından istifadə etməyə imkan vermədi. Bu məsələnin nə ilə başa çatması sirr deyil.

Dünyanın ən böyük şirkətlərinin rəhbərlərinin açıq-aşkar olan məqamlara əhəmiyyət verməmələrinə inanmaq təsəlliveridici haldır. Və biz düşünürük ki, bizim başımıza belə bir şey heç vaxt gələ bilməz. Lakin həqiqətdə ağıllı və kifayət qədər təcrübəsi olan insanlar da bu məqamları görürlər. Bəs onda problem olan nədir?

Dartmut kollecinin nəzdində fəaliyyət göstərən biznes məktəbin professoru Sidni Finkelşteyn, bu sualın cavabını tapmasına altı sərf etdi. O, həmkarları və iş yoldaşları ilə birlikdə biznes dünyasının ən böyük uğursuzluqlarını tədqiq etdi. Professor məğlub olmuş şirkətlərin “daxili mətbəxini” başa düşməyə və rəhbərləri fəlakətli nəticələrə səbəb olan qərarlar qəbul etməyə nə məcbur etdiyini öyrənməyə çalışırdı.

Sidni Finkelşteynin komandası pis qərarların bəzən şüurlu, bəzən isə kortəbii şəkildə verildiyini aşkar etdi. Alimin fikrincə, ağıllı insanların uğursuz olmasının aşağıdakı səbəbləri var:

  1. Onlar şirkət daxilində özlərini toxunulmaz hesab edirlər

Düzdür, insanda iddialı məqsədlərin və ya sağlam qürurun olması pis bir şey deyil, lakin bu rəhbərlər ideyalarına o qədər valeh olurlar ki, rəqiblərin onlara çata biləcəyini düşünmək belə istəmirlər. Reallıqdan uzaq olan gözləntilər uğursuzluğu qaçılmaz edir. Rəhbər öz mövqeyini daim şübhə altına almalıdır, xüsusən də çox yüksək vəzifədə olanlar.

  1. Onlar özləri və şirkət arasında fərq görmürlər

Finkelşteyn iflas etmiş şirkətlərin rəhbərlərinin daha çox özlərinə deyil, şirkətlərinə diqqət ayırdıqlarını müəyyən etdi. Onlar özlərini brendin siması hesab etdikləri üçün şirkətin effektiv idarə edilməsinə zərər vurmuş olurdular. Bu, təkcə staqnasiyaya deyil, eyni zamanda qaçaqmalçılıq və korrupsiya kimi böyük problemlərə gətirib çıxarırdı. Şirkətini öz mülkiyyəti kimi qəbul edən liderlər, onun nüfuzuna xələl gətirən şeyləri gizlətməyə daha çox meylli olurlar.

  1. Onlar özlərini hamıdan ağıllı hesab edirlər

Ağıllı liderlər nə qədər ağıllı olduqlarını yaxşı bilirlər. Onlar öz ağıllarına o qədər çox güvənirlər ki, hər zaman başqalarının köməyini qəbul etməkdən imtina edirlər və hər hansısa anlaşılmazlıq yarandıqda suallara cavab vermək istəmirlər. Bu, televiziyada gördüyümüz güclü liderin obrazına uyğun gəlir. Unutmayın ki, başqalarının fikirlərini nəzərə almaqla uğursuzluqla üzləşmək şanslarınız azalır.

  1. Onlar hər kəsin qərarları dəstəkləməsini gözləyirlər

Bəzi rəhbərlər işçilərin loyallığına o qədər aludə olurlar ki, istənilən qərarın rəğbətlə qarşılanmasını gözləyirlər. Bu, peşəkar mütəxəssisləri çəkindirir və biznesə töhfə verə biləcək insanların səsini kəsir. Əgər rəhbər fikir ayrılığını sədaqətin olmaması ilə bərabərləşdirirsə, lazım olduqda heç kim həyəcan elan etməyəcək.

  1. Onlar vacib xəbərdarlıqları gözdən qaçırırlar

Bəzi rəhbərlər özlərinin biznesi idarə etmə qabiliyyətlərinə valeh olaraq, istəmədən şirkəti uçuruma aparmış ola bilərlər. Onların çoxu yeni təkliflərə açıq olduqlarını bildirsələr də, öz fikirlərindən fərqli olan fikirləri qəbul etmirlər. İnadkarlıq – liderin əsas keyfiyyətlərindən biridir, lakin qədərində.

  1. Onlar əvvəlki təcrübəyə arxalanırlar

Əvvəlki uğur və uğursuzluqların təhlili biznesin inkişafına səbəb ola bilər, lakin keçmiş şirkətin gələcəyinin hərəkətverici qüvvəsi olmamalıdır. Finkelşteynin komandası, uğursuz rəhbərlərin çoxunun keçmişdə tətbiq etdikləri uğursuz strategiyalara ikinci həyat verməyi çalışdıqlarını müəyyən etdi. Unutmayın ki, istehlakçıların istəkləri, texnologiyalar və rəqabət mühiti göz qırpımında belə dəyişə bilər. Məhz bu səbəbdən həqiqətən də uğurlu olan liderlər düşdükləri şəraitə uyğunlaşmağa meyllidirlər.

Finkelşteynin araşdırması göstərir ki, biznes dünyasındakı uğursuzluqların əksəriyyətinin qarşısını almaq olar. Ən ağıllı rəhbərlər potensial problemləri əvvəlcədən proqnozlaşdırmağa çalışaraq, davranışlarını diqqətlə təhlil edirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)