Aqrar

Diri çəkisi 70 kiloqrama çatır, 800 litrə yaxın süd verir - İMİŞLİDƏ TƏSƏRRÜFATI YARADILIB

İmişlidə İsveçrədən gətirilən “Saanen” keçilərindən ibarət təsərrüfat yaradılıb. Bu keçi cinsi Azərbaycanın Aran bölgəsinin iqliminə tez uyğunlaşdığı üçün onun bəslənilməsi daha əlverişlidir.

İlkin mərhələdə təsərrüfatda 250 baş keçi bəslənilir. Gənc fermer Rəhman İbrahimov deyir ki, bu cins heyvanların bir çox özəlliyi var: “Belə ki, süd vermə qabiliyyəti yerli cinslərdən 3 dəfə çoxdur. Həmçinin balavermə qabiliyyəti də yüksəkdir. Bu keçilərin ölkəyə gətirilməsində əsas məqsədimiz isə “Saanen” keçilərinin baş sayını artırmaq və təsərrüfatı inkişaf etdirməkdir”.

Fermer bildirir ki, yaxın gələcəkdə təsərrüfatda heyvanların baş sayını 3 minədək artırmaq istəyir.

“Saanen” keçilərinin diri çəkisi 55-70 kiloqram arasında dəyişir. Südünün keyfiyyətinə görə Avropanın ən yüksək göstəricilərinə malikdir. Təsərrüfatn mütəxəssisi Tural Nağıyev deyir ki, bu keçilərin laktasiya müddəti uzun olduğundan əsasən südlük istiqamətində bəslənilir. 270-280 günə kimi süd almaq olur. Südün tərkibinin yağlılığı 3,3 faizə bərabərdir. Bir “Saanen” keçisi laktasiya dövründə 700-800 litrə yaxın süd vermək qabiliyyətinə malikdir.

Tərkibinə görə ana südünə yaxın sayılan keçi südü kalsium, maqnezium, vitaminlər və digər minerallarla zəngindir. Həmçinin qastrit, mədə-bağırsaq xəstəliklərinə qarşı müalicəvi xüsusiyyəti var.

İlk dəfə bir bala verən bu keçilər, sonrakı mərhələlərdə 2-3 bala verə bilir. “Saanen” keçilərinin digər bir özəlliyi isə örüş sahəsinə ehtiyac olmadan qapalı yerdə saxlanılmasıdır. Lakin qidalanmasına xüsusi diqqət yetirilməlidir.

Fermada hazırda kifayət qədər yem bazası yaradılıb. Hazırda 9 aylıq olan keçilərdən mart ayında bala alınacaq. Daha sonra təsərrüfat südlük və damazlıq istiqamətində inkişaf etdiriləcək. Bundan başqa, “Saanen” keçiləri bol südlü olduğu üçün yaxın gələcəkdə təsərrüfatda keçi pendirinin istehsalı da planlaşdırılır.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)