Sosial iqtisadiyyat

Baş İdarənin rəis vəzifəsinin icrası 39 yaşlı şəxsə tapşırılıb

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis vəzifəsinə hələlik təyinat olmayıb.

ENA.az xəbər verir ki, hazırda bu vəzifənin icrası müvəqqəti olaraq İdarənin rəis müavini, polis polkovniki Samir Zeynalova tapşırılıb.

Qeyd edək ki, S.Zeynalov 1980-ci ildə anadan olub, 2000-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib.

O, 1996-cı ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb və 2000-2005-ci illərdə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində, 2005-2006-cı illərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili, 2006-2011-ci illərdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, 2011-2015-ci illərdə isə şöbə rəisi vəzifələrində çalışıb.

2015-ci ilin yanvar ayının 21-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Daxili işlər orqanlarında fəaliyyətindəki uğurlu nəticələrinə görə dövlət mükafatına, DİN-in “Qüsursuz xidmətə görə” 3 və 2-ci dərəcəli medallarına, digər müxtəlif mükafatlara layiq görülüb.

Xatırladaq ki, bir neçə gün əvvəl İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)