Vergi Məcəlləsinin «ən pis» maddəsi dəyişdirilir - AÇIQLAMA
Xəbər verildiyi kimi, 2020-ci ildən Vergi Məcəlləsinə növbəti dəyişikliklər nəzərdə tutulur. Məcəlləyə dəyişikliklərdə bir sıra maraqlı məqamlar var.
ENA.az xəbər verir ki, bunlardan biri 166-cı maddənin dəyişdirilməsidir. Bakı Hesabat Mərkəzinin direktoru, Milli Mühasiblər Forumunun Təşkilat Komitəsinin sədr müavini, ekspert Mehdi Babayev açıqlamasında 166-cı maddəni Məcəllənin ən pis, hətta «ən iyrənc» maddəsi adlandırıb.
Onun sözlərinə görə, sözügedən maddənin indiyədək olan redaksiyası və burada nəzərdə tutulan məqamlar sahibkarları əlavə dəyər vergisi (ƏDV) ödəyicisi olmaqdan çəkindirən birincə səbəb idi: «Bu maddə vergi ödəyicilərini əlavə dəyər vergisi olmağından çəkindirirdi. Ümumiyyətlə əlavə dəyər vergisinə, vergiyə kölgə salan bir maddə idi. İnsanları vergidən iyrəndirən, ondan çəkindirən, qorxudan bir maddə idi»-deyə mütəxəssis bildirib.
Ekspert bildirir ki, vergiyə ƏDV-yə cəlb olunan məbləğin hesablanmasına aid olan bu maddə olduqca mürəkkəb və qeyri-müəyyən hesablama üsulu nəzərdə tuturdu: «Vergiyə cəlb olunan dövriyyənin hesablanmasında həm texniki olaraq, həm də riyazi olaraq çox böyük çətinlik var idi. Bunun üçün çoxlu prosedurlardan keçmək lazım idi. Hesablamalar mərhələlərə bölünürdü axırda bir vergi tutulan dövriyyəni hesablayırdılar».
Məcəlləyə budəfəki dəyişikliklərdə isə həmin maddənin yeni daha sadə versiyası təklif olunur: «Yeni variantda bu proses o qədər sadələşdirlib ki, mən düşünürəm ki, bundan sonra vergi ödəyiciləri ƏDV ödəyicisi olmaqdan çəkinməyəcəklər. Ona görə də hətta ƏDV vergi ödəyicisilərinin sayının artması da gözənilir»- deyə Mehdi Babayev bildirib.
M.Babayevin sözlərinə görə, ƏDV dəyər vergisi ödəyicisi olmağın böyük əhəmiyyəti var. Belə vergi ödəyiciləri öz gəlir- xərclərinin uçotunu aparmağa məcbur olur: «Əlavə dəyər vergi ödəyicilərində ümumiyyətlə başqa mədəniyyət formalaşır. Onlar əsl ödəyici olurlar».
Maddə 166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt |
|
İndiki variant |
Təklif olunan variant |
166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Bu Məcəllənin 166.1.1-ci və 166.1.2-ci maddələrində göstərilən müddətlərdən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat aşağıdakı vaxtlarda aparılmış sayılır: 166.1.1. Malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda; və yaxud; 166.1.2. malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə daşınmanın başlandığı vaxtda.
166.2. Ödəmə bu Məcəllənin 166.1.1-ci və ya 166.1.2-ci maddələrində göstərilən müddət başlananadək həyata keçirildikdə, ödəmədən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır.
166.3. Xidmətlər müntəzəm və ya daimi əsasda göstərilirsə, xidmətlərin göstərilməsi vaxtı bu əməliyyatın hər hansı hissəsi üçün hər dəfə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt, yaxud ödəmə əvvəl həyata keçirilmişsə, əməliyyatın hər hansı hissəsinin ödənildiyi vaxt sayılır.
166.4. Bu Məcəllənin 159.3-cü və 159.5-ci maddələri tətbiq edildikdə, vergi tutulan əməliyyatın aparılması vaxtı mallardan, işlərdən və ya xidmətlərdən istifadə edilməsinə, yaxud onların istehlakına başlandığı vaxt sayılır. Bu Məcəllənin 159.4-cü maddəsində göstərilən hallarda vergi tutulan əməliyyatın aparılması vaxtı işçilər üçün mallar göndərildiyi, işlər görüldüyü, xidmətlər göstərildiyi vaxt sayılır. Bu Məcəllənin 159.6-cı maddəsi tətbiq edildikdə, ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki vaxt (gün) malların göndərilməsi vaxtı sayılır.
|
166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: - nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; - maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; - natura şəklində aparıldıqda, habelə barter edildikdə, aktivlərin təqdim edildiyi vaxt; - əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt. Bu Məcəllənin 159.5-ci maddəsi tətbiq edildikdə, malların (işlərin, xidmətlərin) qeyrikommersiya məqsədləri üçün verildiyi vaxt, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi vaxt (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır. Bu Məcəllənin 159.6-cı maddəsi tətbiq edildikdə, ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki vaxt (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır. Vergi ödəyicisi tərəfindən təqdim edilən və dəyəri ödənilməyən mallar (işlər, xidmətlər) üzrə həmin malların (işlərin, xidmətlərin) alıcısı tərəfindən malları (işləri, xidmətləri) təqdim edən vergi ödəyicisinə borc vəsait verildikdə, ƏDV tutulan əməliyyatın vaxtı aşağıdakı vaxt hesab edilir: - mallar (işlər, xidmətlər) təqdim edildikdən sonra verilmiş borclar üzrə - borcun verildiyi vaxt; - mallar (işlər, xidmətlər) təqdim edilənədək verilmiş borclar üzrə - malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt.
166.2. Ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Alınmış avans ödəmələri üzrə elektron qaiməfaktura verilməsinə yol verilmir.
166.3. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur.
|