Dünyaya 40 dəfə sürətli internet veriləcək - HAZIRLIQLAR BAŞLAYIB
SpaceX şirkəti artıq Yer kürəsinin orbitinə Starlink layihəsi çərçivəsində 60 ədəd internet peykini yerləşdirib. Bunu edəndən sonra şirkət bildirmişdi ki, o, peyklərin sayını 12.000-ə çatdırmağı planlaşdırır. Lakin daha sonra şirkət öz planına bir qədər dəyişiklik etdi. Bu dəyişiklik isə heç də peyklərin saylarının azalması demək deyil. Əgər şirkətin yeni qərarı təsdiqlənsə Yer kürəsinin orbitində külli miqdarda internet peykləri olacaq. Bu barədə Engadget saytı xəbər verib.
ABŞ-ın əlaqələr üzrə federal komissiyası Beynəlxalq Elektroşəbəkə Birliyinə 20 yeni sorğu göndərib. Həmin sorğulardan hər birində 1500 internet peykinin müxtəlif yüksəkliklərdə Yer kürəsinin aşağı orbitinə yerləşdirilməsi üçün icazə əks olunub. Əgər həmin sorğular təsdiqlənsələr, SpaceX şirkəti Yer kürəsinin aşağı orbitinə 42.000-ə yaxın internet peykini göndərə biləcək. Technology Review saytının məlumatlarına əsasən internet peyklərinin 328-580 km yüksəklikdə yerləşdirilməsi müəyyən problemlər yarada bilər.
Aerospace Corporation adlı qeyri kommersiya təşkilatının təmsilçisi isə qeyd edib ki, uçuş zonasının çoxlu sayda peyklərlə əhatə olunması öz növbəsində gələcəkdəki kosmik uçuşlar üçün problemlər yarada bilər. Buna baxmayaraq icazə üçün sorğunun göndərilməsi hələ o demək deyil ki, SpaceX şirkəti öz planını mütləq şəkildə reallaşdıracaq. Qeyd etmək lazımdır ki, Starlink layihəsi çərçivəsində növbəti 60 internet peykinin Yer kürəsinin orbitinə göndərilməsi bu ayın sonu üçün planlaşdırılır.
Qeyd edək ki, "SpaceX" şirkəti, layihə tamamlandıqda 12 min peyklə bütün dünyaya hazırkı orta hesabla sürətdən 40 dəfə sürətli internet xidməti təqdim etməyi hədəfləyir.