Sosial iqtisadiyyat

Yeni pensiya artımı gözlənilir - NAZİRDƏN AÇIQLAMA

2019-cu il ərzində Azərbaycanda pensiyaların minimum məbləği iki dəfə artıb.

ENA.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, oktyabrın 1-dən əmək pensiyalarının minimum məbləği 200 manata çatdırılıb: “Ümumilikdə minimum pensiya artımı bu il 72% civarında olub. Alıcılıq qabiliyyəti göstəricisi üzrə Azərbaycan minimum pensiya məbləğinə görə MDB məkanında birinci yerdədir. Son artım 660 mindən çox pensiyaçını, yəni pensiyaçıların yarısından çoxunu əhatə edib. Əlavə olaraq əmək haqqının artması ilə əlaqədar xüsusi şərtlərlə pensiyaya çıxan 100 min vətəndaşın pensiyaları sentyabrın ayının sonundan etibarən artmağa başlayıb. Pensiya sahəsində ikinci sosial paket 750 min vətəndaşı əhatə edib”.

Nazir bildirib ki, oktyabrın 1-dən etibarən yeni qanunvericilik aktı qüvvəyə minib: “Bu ayın sonuna qədər bütün pensiyaçılar öz pensiyalarını müvafiq artımla alacaqlar. Amma burada önəmli məqam pensiyaların minimum hissəsinin artırılması ilə bağlıdır. Bu il orta əmək haqqında 14-15% artımın olacağı gözlənilir. İlin sonunda bununla bağlı daha dəqiq rəqəmlər məlum olacaq. Bu isə o deməkdir ki, gələn ilin əvvəlindən ölkədəki bütün pensiyaçıların pensiyaları bu məbləğdə indeksləşdiriləcək. Yəni pensiya artımı yalnız oktyabr ayında olan artımla yekunlaşmayacaq”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department