"Samsung" smartfonlarının Çində istehsalını dayandırır
Reuters saytının məlumatlarına əsasən Samsung şirkəti Çin bazarındakı smartfon istehsalına son qoymağı qərarlaşdırıb. Bunun əsas səbəblərindən biri də Çin bazarında Samsung smartfonlarına olan aşağı tələb və yerli şirkətlərlə olan yüksək rəqabətdir. Son tədqiqatlara əsasən Xiaomi və Huawei şirkətləri ucbatından Samsung-un Çin bazarındakı payı 1%-ə düşüb.
Müqayisə üçün qeyd etmək lazımdır ki, 2013-cü ildə bu göstərici 13% təşkil edirdi. Samsung şirkətinin bu cür qərarına baxmayaraq o, Çində smartfon satmağa davam edəcək. Lakin bundan sonra Samsung smartfonları Hindistanda və Vyetnamda istehsal olunacaqlar. Onu da bildirmək lazımdır ki, Samsung şirkəti mobil bazarda hələ də lider şirkət olaraq qalır