Borca görə hansı əmlaklar vətəndaşın əlindən alına bilməz?– SİYAHI
“Borcumu ödəyə bilmədim, bank evimi əlimdən aldı”. Dəfələrlə sosial şəbəkələrdə və mediada bu cür xəbərlərə rast gəlirik. Əlbəttə, çəhkəmə qərarlarının icrası ilə əlaqədar vətəndaşların müxtəlif əmlakları torpaqları, mənzilləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlindən alına, hərrac yolu ilə satıla bilər. Ancaq vətəndaşın yaşamaq üçün bir evi varsa, bu halda həmin evin ondan alınaraq borcun ödənməsi üçün satılması qanunsuszdur.
ENA.az xəbər verir ki, qanunvericilikdə fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növləri var. Yəni, vətəndaşın banka, hər hansı quruma və ya şəxsə nə qədər borcu olmasından asılı olmayaraq, bu siyahıda yer alan əmlaklar vətəndaşdan alına, satışa çıxarıla bilməz.
Borcludan alınması qadağan edilən əmlaklar:
1) borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə);
2) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsinin təsərrüfat tikililəri və ya ayrı-ayrı hissələri, həmçinin onların altında olan torpağa;
3) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə;
4) əsas məşğuliyyəti kənd təsərrüfatı olan fiziki şəxslərin hər növ mal-qara və digər ev heyvanından bir baş və ev quşlarından bir cütünə;
5) əsas məşğuliyyəti kənd təsərrüfatı olan fiziki şəxslərin yeni yem yığılanadək və ya mal-qara örüşə çıxarılanadək mal-qara üçün lazım olan yemə;
6) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu fiziki şəxslərə növbəti əkin üçün lazım olan toxuma;
7) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu fiziki şəxs və onun ailəsi üçün yeni məhsul yetişdirilənədək zəruri olan azuqəyə, digər borclular üçün isə bir aylıq dolanışıq azuqəsinə;
8) xörək hazırlamaq və ailənin yaşayış mənzilini qızdırmaq üçün mühüm əhəmiyyəti olmayan qızdırıcı soba və mövsüm ərzində lazım olan yanacağa;
9) borclunun peşə fəaliyyətinin davam etdirilməsi üçün zəruri olan avadanlıq, o cümlədən ixtisas üzrə kitablar və vəsaitlərə;
10) əlilliyi olan şəxslərin hərəkəti üçün xüsusi nəqliyyat vasitələrinə; (2)
11) əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silah, döyüş sursatı və digər ov alətlərinə;
12) borclu və onun ailə üzvlərinin qazandıqları beynəlxalq və başqa prizlərə;
13) borclu və onun ailə üzvləri üçün lazım olan aşağıdakı ev avadanlıqları, əşyalar və paltarlara:
a) hər bir şəxs üçün paltar: bir yay, bir payız paltarı, bir qış paltosu və ya başqa üst geyimi, bir qış kostyumu (qadınlar üçün iki dəst qış paltarı), bir yay kostyumu (qadınlar üçün iki dəst yay paltarı), hər bir mövsüm üçün bir baş geyimi (qadınlar üçün bundan əlavə yay üçün iki baş yaylığı və bir isti baş yaylığı və ya baş şalı), uzun müddət istifadə edilmiş və qiymətini itirmiş digər paltar və baş geyimləri;
b) geyilmiş ayaqqabı, alt paltarı, istifadə edilmiş yataq ləvazimatı, qiymətli materiallardan hazırlanmış, habelə bədii dəyəri olan şeylər istisna edilməklə qab-qacaq və mətbəx ləvazimatı;
c) mebel — hər bir şəxs üçün bir çarpayı və stul, bir ailə üçün bir stol, bir şkaf, bir sandıq, mənzildə olan bir soyuducu, bir radio və bir televizor;
ç) bütün uşaq ləvazimatı.
Borclunun borcunu ödəməsi üçün icra tələbi yönələn əmlaklar siyahıda yer alanlardan əlavə olanlardır. Məsələn, şəxsin birdən artıq evi varsa, satılaraq borcun ödənilməsinə yönələ bilər.
(c) Bizimyol.info