Rusiyaya çəkilən yeni yol bu tarixdən istifadəyə veriləcək
“Bakıdan Rusiya Federasiyasına çəkilən yeni magistral yol xətti 2020-ci ilin sonuna qədər istismara veriləcək”.
Bu barədə “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib.
Onun sözlərinə görə, 2019-cu ilin 9 ayı ərzində Bakıdan Samur çayı sahilinə qədər yeni avtomobil yolunun çəkilişi davam etdirilir: "Bu yolun artıq 80 kilometr hissəsi asfaltlanıb, asfalt-beton örtüyü ilə təmin olunub. Yerdə qalan hissələrində yol əsasının tikintisi və yol üzərində olan süni qurğuların tikintisi davam etdirilir. 2020-ci ilin sonuna qədər yeni yol tam başa çatdırılıb istismara veriləcək".
S.Məmmədov deyib ki, eyni zamanda, Gəncənin çıxışından “Qırmızı körpü”yə qədər 2 cərgəli mövcud avtomobil yolunun 4 cərgəli yola çevrilməsi, yəni 1-ci dərəcəli yol şəklində istismara verilməsi üçün tikinti işləri aparılır. Dediyinə görə, bu yolun 2021-ci ilin 1-ci yarısında istismara verilməsi nəzərdə tutulur.
"Bundan əlavə, tikintisi aparılan strateji əhəmiyyətə malik olan 64 km uzunluğunda Bəhrəmtəpə-Biləsuvar yolu 2020-ci ilin sonuna istismara veriləcək. 2019-cu ilin investisiya proqramında nəzərdə tutulan 1080 km yolun yenidən qurulması və çəkilişi planlarna uyğun olaraq bu ilin 9 ayı ərzində 840 km yol tam tikilib. Müəyyən hissəsi ölkə başçısının iştirakı ilə istismara verilib, müəyyən hissəsində isə artıq tamamlama işləri gedir", - deyə Saleh Məmmədiov bildirib.