Sosial iqtisadiyyat

“Azərlotereya” jurnalistlər üçün “Kintsugi” transformasiya təlimi təşkil edib

“Azərlotereya” ASC-nin “Media Klub” layihəsi çərçivəsində bu dəfə “Kintsugi” transformasiya proqramı əsasında xüsusi təlim keçirilib. Tədbirdə müxtəlif media qurumlarını təmsil edən 10 xanım jurnalist iştirak edib.

“Kintsugi” yapon fəlsəfəsinə əsaslanan və qırılmış qabların qızıl vasitəsilə bərpasını ifadə edən sənət növüdür. Bu yanaşma simvolik olaraq, insanın yaşadığı çətinlikləri gizlətmək deyil, onları qəbul edərək dəyərə çevirməyi təşviq edir. Beləliklə, çatlar zəifliyin deyil, yaşanmış təcrübənin və daxili gücün ifadəsinə çevrilir.

Təlim yaşam koçu və təlimçi Fidan Əliheydər tərəfindən aparılıb. Sessiya çərçivəsində iştirakçılara kintsugi fəlsəfəsinin əsas prinsipləri əsasında şəxsi inkişaf və emosional dayanıqlılığın gücləndirilməsinə yönəlik praktik alətlər bölüşülüb.

İnteraktiv formatda keçirilən təlim zamanı iştirakçılar yaradıcı tapşırıqlar icra ediblər. Kasalar öncə sındırılıb, daha sonra isə diqqətlə bərpa olunaraq bəzədilib. Bu proses daxili potensialın kəşfi və fərdi bütövlüyün yeni formada qurulması kimi izah olunub. Təlim boyunca iştirakçılar şəxsi təcrübələrini bölüşərək emosional yüngülləşmə və özünüdərk istiqamətində müsbət nəticələr əldə ediblər.

Tədbirin sonunda iştirakçılara xatirə hədiyyələri təqdim olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)