1000 dollaradək olan əmanətlər qaytarılacaq - AMMA QANUN POZUNTUSU İLƏ
10000 DOLLARƏDƏK OLAN ƏMANƏTLƏR QAYTARILACAQ (amma qanun pozuntusu ilə)
Əmanətlərin Sığortlanması Fondu (ƏSF) Bakı Apelyyasiya Məhkəməsinə müraciət edib ki, ləğv prosesində olan müflis banklarda 17000 manatadək qorunmayan (sığortalanmamış) əmanəti olan fiziki şəxslərin pulunun ilk növbədə qaytarılmasına icazə verilsin. Kimin hesabına? ƏSF-in hesabına. Məlum oduğu kimi, ƏSF həmin bankların birinci növbəli kreditorudur: yəni sığortalanmış əmanətlərin kompensasiyasına xərcədiyi pulu sözügedən bankların əmlakından ilk növbədə tutmaq (reqress qaydasında) hüququna malikdir.
Beləliklə, hazırda ƏSF faktiki olaraq öz tələb hüququnu xırda əmanətçilərə (xüsusi vurğulayıram: qeyd edilən məbləğdən çox əmanəti olanlara aid deyil!) güzəşt edir. Məndə olan məlumata görə ən iri müflis bank olan “Bank Standard”da bu təxmini 16000 nəfərdir. Ayrılan məbləğ isə hardasa 6 mln. manatdır. Orta hesabla bir əmanətçiyə təxmini 375 manat düşür. Yəni reallıqda əksər xırda əmanətçilərin qalan pulu 17000 manatdan qat-qat azdır. Ən kiçik müflis banklardan biri olan “Atrabank”da isə sözügedən güzəştin əhatə dairəsinə heç 1000 nəfər düşmür.
Hər bir halda sözügedən güzəşt ölkə rəhbərliyinin sosial yönümlü humanist siyasətinin növbəti nümunələrindən biridir. Aydın məsələdir ki, illər boyu əmanətçilər və digər kreditorlarlarla hesablaşmayan ƏSF-in və himayəçisi Maliyyə Bazarlarına Nəzarət Palatasının öz təşəbbüsü deyil (indiyədək ƏSF israrla deyirdi ki, qanuna görə birinci növbəli kreditordur və pulunu birinci götürəcək, fərqli hərəkəti isə qanuna ziddir). Bu güzəşt dövlət başçısının göstərişi əsasında icra edilir. Amma təəssüf ki, bəzi hallarda olduğu kimi, bu dəfə də göstərişi hüquqa zidd şəkildə icra edirlər. Sadəcə savadları çatmır!
Hələ ötən ay “Xırda əmanətləri dövlət qaytarmalıdır” adlı yazı dərc etmişdim (https://www.facebook.com/akram.hasanov.5/posts/10218642177262197). Qısaca mahiyyəti belə idi. 2018-ci ilin əvvəlində ləğv prosesində olan “Bank Standard”ın Kreditorlar Komitəsinin sədri olaraq "Banklar haqqında" Qanuna dəyişikliklər layihəsi hazırlamışdım ki, müflis bankın əmlakı hesabına ilk növbədə ƏSF deyil, fiziki şəxslərin qorunmayan (sığortalanmamış) əmanətləri qaytarılsın. Təxmini bir ildir ki, həmin layihə hökumətin diqqətində idi və müzakirələr gedirdi. Nəticədə qərara alınmışdı ki, qaytarılan məbləğ 10000 dollarla (17000 manat) məhdudlaşdırılsın. Sadəcə qərarın forması ilə bağlı vahid fikir yox idi.
Bəziləri qərarın prezident fərmanı formasında olmasını təklif edirdi. Amma bu halda vəsait müflis bankın deyil, dövlət büdcəsinin hesabına ödənməli idi. Buna görə də məsələnin həllinin optimal hüquqi forması məhz “Banklar haqqında” Qanuna dəyişikliyin edilməsi idi (yəni mənim hazırladığım layihə). Qanunda yazılmalı idi ki, 82.1.1-ci maddə (kreditorların birinci növbəsi) bu redaksiyada verilsin: “fiziki şəxsin 17000 manatadək əmanəti üzrə tələbi”. Beləliklə də, bankın olan-qalan əmlakı ilk növbədə fiziki şəxslərə çatacaq (müvafiq limit çərçivəsində). Məsələnin məhz Qanunda təsbit edilməsi həmçinin gələcəkdə bağlanacaq banklara da aid olduğu üçün mövcud bankların əmanətçilərində də bank sisteminə etimadı artıracaqdı.
Lakin yekunda nə fərman, nə də qanun forması deyil, məhkəmə qərardadı forması seçildi. Yəni ƏSF ləğv prosesinə nəzarət edən apellyasiya məhkəməsinə müraciət edib ki, birinci növbəmi xırda əmanətçilərə güzəşt etmək istəyirəm, buna icazə ver. Məhkəmə də bəzi müflis banklar üzrə artıq icazə verib (şifahi elan edilib, yazılı şəkildə yaxın vaxtlarda olacaq). Halbuki, bu yanaşma qanuna ziddir. Niyə?
Əvvəla, “Banklar haqqında” Qanun müflis bankın kreditoru tərəfindən tələbinin digər kreditora güzəştini nəzərdə tutmayıb. Uzaq başı pulunu almış kreditor onu digər kreditora hədiyyə edə bilər (yeri gəlmişkən, ƏSF niyə məhkəməyə mürciət edib? elə birbaşa pulu çıxarıb versin də! deməli, müraciətinin qanunsuz olduğunu ən azı hiss edir). Amma əsas heç bu da deyil. Çünki Mülki Məcəlləyə görə prinsipcə qanunda və müqavilədə əksi təsbit edilməyibsə, hər bir kreditor tələbini güzəşt edə bilər.
Lakin “Əmanətlərin sığortalanması haqqında” Qanun ƏSF-ə belə güzəşt imkanı vermir. Belə ki, əvvəla, həmin Qanunun 4.1.8-ci maddəsinə əsasən öhdəlikləri üzrə kompensasiya ödədikdə, həmin məbləği reqress qaydasında bankdan tələb etmək ƏSF-in funksiyalarından biridir. Bu funksiyanın yerinə yetirilməsi üzrə istisna nəzərdə tutulmayıb. Daha sonra, Qanunun 11.1.9-cu maddəsinə görə reqress qaydasında tələb hüququ ilə bankdan alınan vəsaitlər ƏSF-in sığorta ehtiyatlarının tərkib hissəsidir. Qanunun 16.1-ci maddəsinə uyğun olaraq isə ƏSF-in sığorta ehtiyatları yalnız 3 məqsədə istifadə edilə bilər: 1) kompensasiyaların ödənilməsinə; 2) illik büdcə çərçivəsində ƏSF-in idarə edilməsinə və əmlakının alınmasına; 3) borc öhdəliklərinin ödənilməsinə. Vəssalam! Heç kəsə güzəşt və hədiyyə edilə bilməz!
Buna görə də məhkəmənin qərarı xoşməramlı olsa da, qanunsuzdur və sözügedən bankların Kreditorlar Komitəsi və hətta hər bir digər kreditoru tərəfindən mübahisələndirilə bilər (Ali Məhkəməyə kassasiya şikayəti verilməklə). Nəhayət, fəaliyyətdə olan banklar da bu qərara etiraz edə bilər. Çünki son nəticədə ƏSF-i maliyyələşdirən banklardır. Sabah ƏSF-in pulu yenə olmayanda (necə ki, 2016-cı ildə faktiki müflisləşmişdi), fəaliyyətdə olan banklardan əlavə haqq yığmalı olacaq.
Burada xüsusilə qeyd etməliyəm ki, ümumən ƏSF-in birinci növbəli kreditor olmasının özü Konstitusiyanın 29-cu maddəsinə (“Mülkiyyətin heç bir növünə üstünlük verilmir”) ziddir və bu barədə dəfələrlə yazmışam (axı ƏSF niyə hamıdan qabağa düşməlidir?). Amma ƏSF bununla razılaşmır. 13 iyun 2017-ci ildə hətta necəsə nail oldu ki, Konstitusiya Məhkəməsi məsələyə aid olmayan qərarında birdən birə ƏSF-in bu antikonstitusion növbəsinə haqq qazandırdı. Həmin qərarda Konstitusiya Məhkəməsi həmçinin yazıb: “növbəlilikdə birinciliyin Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra – Fond) reqres tələblərinin ödənilməsinə verilməsi məhz sosial ədalət prinsipinə əsaslanır... Fondun sığorta ehtiyatları bankların üzvlük və təqvim haqları hesabına formalaşır, yəni əsasən özünümaliyyələşdirmə mexanizmlərinə əsaslanır. Bu baxımdan müflis bankların əmanətçilərinə kompensasiyaların ödənilməsi nəticəsində Fondun sığorta ehtiyatları azalır və bütövlükdə bank sisteminin əmanətçilərinin təminatı azalmaq təhlükəsi ilə üzləşir. Məhz bu səbəbdən Fondun müflis banka qarşı reqres tələb hüquqları öhdəliklərinin ödənilməsi növbəliliyində ilk yeri tutur və bütövlükdə bank əmanətçilərinin mülkiyyət hüquqlarının toxunulmazlığına xidmət edir”. Bəs görəsən indi necə oldu ki, ƏSF Məhkəmənin bu qərarına məhəl qoymur? Qoymursa, onda bütün fiziki şəxslərin pulunu məbləğ məhdudiyyəti qoymadan birinci növbədə qaytarsın!
Göründüyü kimi, xoşməramlı olmaq azdır. Savadlı olmaq və qanuna uyğun hərəkət etmək lazımdır. Həm Palatanın, həm də ƏSF-in savadsızlığı və qanunsuz əməlləri dəfələrlə müzakirə predmeti olub. Odur ki, təəccüblü deyil. Belə yaxşı işi də normal görə bilmədilər.
Bu baxımdan sözügedən bankların kreditorları, xüsusilə Kreditorlar Komitələri qəbul edilmiş qərarın icrasını ciddi nəzarətdə saxlamalıdır. Savadsız və qanunsuz işləməyə alışmış kəslərdən hər şey gözləmək olar. Bir də gördünüz ki, müflis bankların pulunu talamağa başladılar ki, guya xırda əmanətçilərin pulunu qaytarırlar. Buna görə də Kreditorlar Komitələri bütün kreditorların reyestrini tələb etməlidir ki, qərarın düzgün icrasına nəzarət edə bilsinlər (ƏSF indiyədək israrla kreditorlar reyestrini komitələrə verməkdən imtina edib! niyə? sui-istifadə üçün əl yeri qoyub?). Yəni dəqiq görsünlər ki, vəsait həqiqətən bankda 17000 manatadək pulu qalan fiziki şəxsə ödənilir və kənar yerlərə xərclənmir.
P.S. Hər bir halda bu qərar əsasında pulunu alacaq əmanətçiləri təbrik edirəm!
Bəs bağlanmış banklarda limitdən artıq pulu qalan əmanətçilər və digər kreditorlar nə etsin? Əvvəlki kimi Kreditorlar Komitələri vasitəsilə bankın ləğvi prosesinə, ƏSF-in fəaliyyətinə nəzarət etsinlər, sonuncudan səmərəli fəaliyyəti tələb etsinlər (bu barədə dəfələrlə yazmışam). Necə ki, Komitə sədri qismində son işim “Bank Standard”ın kreditorlarının maraqlarına cavab verməyən ləğv planının Ali Məhkəmədə iyun ayında ləğvi oldu. Yalnız belə mübarizə əsnasında kreditorlar pullarının xeyli hissəsini də qaytara biləcəklər. Yəni apelyasiya məhkəməsinin son qərarı heç bir halda ƏSF-in işinə nəzarəti zəiflətməməlidir. Təbii, ƏSF gözlənilən qərardan sui-istifadə edərək əmanətçiləri sakitləşdirib (deyəcək ki, bir neçə il də gözləyin, qalan pulları da verəcəyəm) əvvəlki kimi səmərəsiz və qanunsuz fəaliyyətini daha da şiddətləndirə bilər.
Buna imkan vermək olmaz!
Əksinə, qərarın məhz belə qanunsuz və yöndəmsiz forması kreditorlara imkan verir ki, ƏSF-ə müraciət edib desinlər: “Siz ki, belə səxavətlisiz və hətta qanunun tələbini də nəzərə almırsız, ümumiyyətlə, məbləğ məhdudiyyəti qoymadan daxil olan bütün vəsaitləri ilk növbədə fiziki şəxslərə verin!” Məsələn, “Bank Standard” üzrə ƏSF artıq 200 mln. manatdan çox pulu qaytarıb. Fiziki şəxslərin əmanəti cəmi 157 mln. manatdır. ƏSF-in öz tələbi isə təxmini 460 mln. manat. Deməli, ƏSF-in indiyədək yığdığı pul fiziki şəxslərin pulunu tam qaytarmağa kifayət edir (ƏSF isə hazırda yığdığı pulun 3 faizindən də az hissəsini verməyə razıdır). Odur ki, əmanətçilər bunu tələb etsinlər! Əgər ƏSF-in gələcəkdə də bu mexanizmlə pul vermək niyyəti varsa, niyə bunu indi etmir? Axı pul var! Yoxsa sadəcə baş aldadır ki, müflis bankların kreditorları (xüsusən də kreditorlar komitələri) onun üzərindəki nəzarətdən vaz keçsinlər?..
Əkrəm Həsənov
Hüquqşünas