Sosial iqtisadiyyat

Əli Əhmədovdan "uşaq pulu"nun bərpası məsələsinə - MÜNASİBƏT

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi Əli Əhmədov "uşaq pulu"nun verilməsi məsələsinə aydınlıq gətirib.

ENA.az xəbər verir ki, Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, dövlətin ən mühüm vəzifəsindən biri də aztəminatlı ailələrə sosial yardımların göstərilməsindən ibarətdir:

"Ona görə də mən hesab edirəm ki, bu məsələyə ciddi şəkildə yanaşılmalıdır və hökumət bu məsələyə ciddi şəkildə yanaşır. Aztəminatlı ailələlərə yardım göstərilməsi müxtəlif formalarla həyata keçirilir və bura ünvanlı sosial yardımın verilməsi, müxtəlif müavinətlərin verilməsi aiddir:

"Uşaq pulları" da bunlardan biri kimi tətbiq edilə bilər, amma mənim şəxsi fikrimdir ki, biz buna bir az daha ciddi şəkildə və eyni zamanda, ailələrin yaşayış, həyat səviyyəsini nəzərə almaqla yanaşsaq, düzgün olar".

Nazir müavini qeyd edib ki, Azərbaycanda kifayət qədər yüksək həyat səviyyəsini təmin etmiş ailələr var:

"Mən düşünmürəm ki, bu ailələrin "uşaq pulu"na ehtiyacı var. Hökumət aztəminatlı ailələrə istənilən formada yardımların göstərilməsini öz qarşısına qoyduğu məqsəd hesab edir.

Fikrimcə, ən düzgün yol ondan ibarət olar ki, hökumətin apardığı siyasət sayəsində hər bir ailə öz ehtiyaclarını özünün əldə etdiyi imkanlar hesabına təmin edə bilsin. Yəni çalışmaq lazımdır ki, daha çox bu yolla gedək. Çalışmaq lazımdır ki, ailələri ələbaxımlığa, ancaq dövlət tərəfindən verilən yardımlar hesabına dolanmaq vərdişinə alışdırmayaq. Bu daha düzgün yol ola bilər".

O əlavə edib ki, hər bir vətəndaş, hər bir ailə özünü təmin etməklə yanaşı, ölkənin iqtisadi potensialının yüksəldilməsinə xidmət göstərməlidir:

"Əks halda biz bütün ailələrə yardım verməklə onları saxlamağa alışdırmış olsaydıq, onların iqtisadiyyatı inkişaf etdirməsi üçün, istehsal üçün, hər hansı bir yenilik üçün düşünmək səyləri, yəqin ki, çox olmayacaqdı. Bütün dünyada inkişaf etmiş ölkələr bu yolla gedib. İnsanları daha çox əməyə alışdırmaqla, işlə təmin etməklə daha səmərəli şəkildə onların işləməsi üçün əsaslar yaratmaqla bu yolla gediblər".  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department