Azərbaycan kartofunun ixrac coğrafiyası İraqa qədər uzanır
Azərbaycanda yetişdirilən kartofun bu il 8 ölkəyə ixracı həyata keçirilib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, Azərbaycan bu il Belarusa 120,3 ton, Gürcüstana 2821,7 ton, Moldovaya 199,3 ton, Qazaxıstana 59 ton, Rusiyaya 55 min 786,8 ton, Türkmənistana 62 ton, İraqa 23,3 ton, Ukraynaya isə 2 483,2 ton yerli kartof göndərib.
Bununla yanaşı, bu il Azərbaycan Almaniyadan 440 ton, Fransadan 0,6 ton, Belarusdan 391,7 ton, Gürcüstandan 2759,2 ton Niderlanddan 388,9 ton, Pakistandan 8352,7 ton, Rusiyadan 43176,6 ton, Türkiyədən 171,7 ton, Ukraynadan 181,5 ton, İrandan isə 359 666,6 ton kartof idxal edib.
Məlumata görə, ümumilikdə bu il Azərbaycana xaricdən 23 milyon 976 min ABŞ dolları məbləğində 91 830,3 min ton kartof idxal edilib. Nazirlikdən onu da əlavə ediblər ki, kartof ixracı və idxalı ilə bağlı ölkə üzrə statistika mövsümdən asılı olaraq dəyişir. Ölkədə əkilən kartofa gəlincə isə, əsasən yerli toxumdan istifadə ediliyi vurğulanib:
"Ümumiyyətlə Azərbaycanda bu il kartof istehsalı artıb. Belə ki, 2019-cu ilin yanvar-iyul aylarında 34 min hektar sahədən 576,3 ton kartof yığılıb. Bu isə əkilən ümumi sahənin 60,1 faizinin yığılması deməkdir. Hazırda isə kartof yığımı hələ davam edir. 2019-cu ilin yanvar-iyul ayında kartof yığımı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz, sahəyə düşən məhsuldarlıq isə 7 faiz artıb".
Qeyd edək ki, müstəqillik əldə olunandan sonra respublikada 1996-cı ilədək kartofun əkin sahəsi və istehsalı azalıb, sonra tədricən artmışdır. Sonrakı illərdə ən çox kartof əkini 2008-ci ildə 71,2 min hektar sahədə aparılıb və 1037,3 ton məhsul istehsal edilib.
Azərbaycanda kartofun orta tez yetişən “Nevski”, “Oqanyol”, “Laymdots”, “Əmiri-600”, “Sevinc” sortları yetişdirilir. Bütün bölgələrdə il ərzində bir neçə dəfə yetişdirilən kartof məhsulu daha çox Tovuz-Gədəbəy, Astara-Lerik və Quba-Qusar rayonlarında becərilir və yüksək məhsul verir.