"Vergi islahatları korrupsiya və inhisarçılıqla bağlı neqativlərin aradan qaldırılmasını tələb edir"
"Ölkədə həyata keçirilən sistemli iqtisadi islahatlar qeyri-neft sektorunun rəqabətqabiliyyətli və dayanıqlı inkişafına təkan verəcək. Bu da həm idxal etdiyimiz məhsulların xeyli hissəsinin Azərbaycanda istehsalını mümkün edər, eləcə də qeyri-neft sektiorunun ötənilki 1,7 milyard dollarlıq ixrac potensialını yaxın illərdə 2-3 dəfə artırmağa imkan verər". Bu fikirləri Milli Məclisin deputatı Əli Məsimli "Moody` s Investors Service" reytinq agentliyinin Azərbaycanla bağlı hesabatını şərh edərkən deyib.
Millət vəkili bildirib ki, həllinin sürətləndirilməsi vacib olan məsələ təkcə vergi qanunvericliyinin və inzibatçılığının təkmilləşdirilməsi istiqamətində görülən işlərin qeyri-neft sektorunun bundan sonrakı inkişafını da stimullaşdırılmasına yönəldilməsi deyil: “Bu çox zəruridir, amma məsələyə kompleks yanaşılmalıdır. Məsələn, vergi islahatları ilə bağlı həyata keçirilən işlər korrupsiya, inhisarçılıq və ondan qaynaqlanan, ölkənin sosial-iqtisadi tərəqqisinin qarşısında buxova çevrilən neqativlərin aradan qaldırılmasına yönələn işlərin genişləndirilməsini tələb edir. Bunun əsas yolu islahatları dərinləşdirməkdən, iqtisadiyyatın liberallaşdırılması və rəqəmsallaşdırılmasının gücləndirilməsindən, idarəetmə sistemində çevikliyin, şəffaflığın, hesabatlılığın və məsuliyyətin artrılmasından, “kölgə iqtisadiyyatı”nın dairəsinin məhdudlaşdırılmasından və s. bu kimi məsələlərin həllindən keçir".
Vergi islahatları ilə bağlı həyata keçirilən işlər korrupsiya, inhisarçılıq və ondan qaynaqlanan, ölkənin sosial-iqtisadi tərəqqisinin qarşısında buxova çevrilən neqativlərin aradan qaldırılmasına yönələn işlərin genişləndirilməsini tələb edir
Ə.Məsimli xüsusən qeyri-neft sektorunun inkişafına əlavə təkan vermək üçün bankların real sektorla əlaqəsinin gücləndirilməsi məsələsinin xüsusi önəm daşıdığını vurğulayıb. Bu məsələnin həlli, digər şərtlərlə yanaşı, bank faiz dərəcələrinin istehsalla məşğul olan sahibkarlar üçün əlçatan səviyyəyə qədər aşağı salınmasından, əlverişli biznes mühitinin yaradılmasından və s. zəruri şərtlərdən çox asılıdır. Son illərdə kredit qoyuluşlarının artmağa başladığını deyən millət vəkili yenidən real sektorun inkişafına yox, istehlak kreditlərinə üstünlük verildiyini bildirib: "2015-2016-cı illərdə bunun yaratdığı fəsadlar hələ də tam aradan qaldırılmayb. Kredit faiz dərəcələrinin aşağı salınması və bank sisteminin real sektorla əlaqəsinin gücləndirilməsi istiqamətində ciddi islahatlar aparılmasına ehtiyac var. Sadalanan amillərin sistemli şəkildə həyat keçirilməsi qeyri-neft sektorunun rəqabətqabiliyyətli və dayanıqlı inkişafına təkan vermiş olar. Bu da həm idxal etdiyimiz məhsulların xeyli hissəsinin Azərbaycanda istehsalını mümkün edər, həm də qeyri-neft sektorunun icrac potensialını yaxın illərdə 2-3 dəfə artırmağa imkan verər. Nəticədə həm yerli istehsal genişlənər, həm də Azərbaycana neftdən əlavə digər sahələrdən də xeyli valyuta daxil olması təmin edilər. Eyni zamanda, "manatın taleyinin neftdən asılılığı" kimi təhlükəli problemi aradan qaldırmış olarıq".