İtaliya və Almaniya Azərbaycandan daha çox fındıq almaq istəyir
Avropa ölkələrində Azərbaycanın fındıq ixrac etdiyi əsas bazarları İtaliya və Almaniyadır”.
Bunu Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri İsmayıl Orucov bildirib.
Onun sözlərinə görə, İtaliya və Almaniyanın Azərbaycandan fındıq idxalı ilə bağlı istəkləri böyükdür: “Lakin bizim gücümüzün həddi var. İtaliya və Almaniyanın Azərbaycandan idxalı ümumilikdə 8-12 min ton arasındadır. Düşünürəm ki, bu ayın sonunda Avropa bazarlarına ixrac reallaşacaq”.
İ.Orucov əlavə edib ki, ənənəvi bazarlar sırasında isə Rusiya dayanır və qiymət baxımından ən rahat bazardır.
O qeyd edib ki, aprel ayının soyuq keçməsi bu il məhsuldarlığa təsir edib. Azərbaycan ortalama 20-21 min ton fındıq ixrac edirdisə, bu il 17-18 min ton ixrac olacağını gözləyirik”.
Xatırladaq ki, bu ilin birinci rübündə Azərbaycan 12 ölkəyə 7 060 ton soyulmuş fındıq ixrac edib. Bu, 2018-ci ilin eyni dövründəkindən 57% çoxdur. Rusiyaya (3213,8 ton), İtaliyaya (1710 ton) və Almaniyaya (1447,2 ton) satılıb. Azərbaycan fındıqları Polşa (146 ton), Estoniya (88 ton), Litva (87 ton), Fransa (80 ton), Gürcüstan (80 ton) və digər ölkələrə göndərilib.