“Galaxy S11” indiyə qədər heç kimin görmədiyi bir özəlliyi əldə edəcək
Ice Universe ləqəbi ilə tanınan məşhur insayder Galaxy S11 barəsində ilk məlumatı verib. Onun sözlərinə əsasən Samsung şirkətinin növbəti flaqman smartfonu heç kimin indiyənə kimi görmədiyi funksiyanı əldə edəcək. Bununla yanaşı sözügedən smartfon mobil fotoqrafiyaya həvəsi olanlar üçün çox maraqlı olacaq. Bu barədə 4pda saytı xəbər verib.
“Galaxy S11-in kamerasında indiyənə kimi heç bir smartfonda olmamış bir özəllik olacaq. Əgər sizin üçün smartfon kamerası önəmlidirsə Galaxy Note 10-dan yan keçin” – deyə insayder qeyd edib. Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, Galaxy S11 ətraf mühitin dəqiq 3D skanı üçün ToF kamera modulunu, yüksək piksel göstəricisini və daha böyük optik zoomu əldə edəcək. Lakin bütün bu özəlliklər bir çox smartfonlarda mövcuddur.
İnsayderin sözlərinə inansaq, Samsung şirkəti nəsə yeni bir şey hazırlayır. Galaxy S11 kamerasında istifadə oluna biləcək əsas özəlliklərdən biri də Corning şirkətinin Gorilla Glass maye linzaları ola bilər. Həmin linzaların əsas özəllikləri isə ondan ibarətdir ki, onlar öz formalarını dəyişə bilərlər. Bu isə smartfonun foto və video çəkilişi imkanlarını genişləndirə bilər.