Sosial iqtisadiyyat

“Bakı Metropoliteni” QSC-nin səlahiyyəti artırılıb

Nazirlər Kabineti qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə dartıazaldıcı yarımstansiyanın tikintisi ilə bağlı torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində yerləşən yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə qərar qəbul edib.

ENA.az xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədovimzalayıb.

Qərara əsasən qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 430-cu məhəllə ərazisində dartı-azaldıcı yarımstansiyanın tikintisi ilə əlaqədar 0,0606 hektar torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində yerləşən vətəndaşlara məxsus yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə bu Qərarın 1-ci hissəsində göstərilən torpaq sahəsinin və üzərindəki tikililərin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirmək və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etmək tapşırılıb. 

Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)