Tramp bir tviti ilə nefti ucuzlaşdırdı: “Neft bumu” bir daha qayıtmayacaq
ABŞ Prezidenti Donald Trampın Çin məhsullarına sentyabrdan etibarən idxal olunan yeni verginin tətbiq edilə biləcəyi ilə bağlı açıqlaması ticarət müharibəsinin davam edəcəyi və daha da genişlənəcəyindən xəbər verir.
İqtisadçı ekspert Vüqar Bayramov səsləndirib. Onun sözlərinə görə, ABŞ prezidentinin bir tviti neftin qiymətini bir gündə 6 faiz ucuzlaşdırıb:
“Doğrudur, bu gün birjalarda neftin qiyməti müəyyən qədər stabilləşib. Amma yenə də Brent markalı neftin bir bareli 62 dollardan aşağı təklif olunur. Bununla belə, qlobal iqtisadi azalma və ticarət müharibələri fonunda neftin qiymətində yeni azalmalar ehtimalı kifayət qədər yüksəkdir.
Son qiymət azalmaları bir daha təsdiq edir ki, neft ölkələri üçün enerji gəlirlərindən asılılığın aradan qaldırılması prioritet olmalıdır. Bu, həmçinin “neft bumu”nun bir daha qayıtmasının mümkünsüzlüyünə işarədir”.
Ekspertin firkincə, Azərbaycan üçün həm ixracatda, həm də büdcə gəlirlərində neftin payının azaldılması növbəti illərdə də əsas hədəf olaraq qalmalıdır.
“Kənar müdaxilələr ilə istənilən zaman neftin qiymətinin kəskin ucuzlaşması mümkündür. Bütün hallarda, Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi yeni “şokların təsirləri”ndən sığortalanmağın yeganə alternativsiz yolu olaraq qalmaqdadır”, - o əlavə edib.