Bank

223 min nəfər: Banklara daha çox insan gəlir, amma gətirdikləri pul azalır

Azərbaycanda banklarda pul saxlayan insanların sayı artır. Bank sektorunda unikal müddətli əmanətçilərin sayı 31 dekabr 2025-ci ildə 194 134 nəfər olduğu halda, 31 iyul 2026-cı ildə 223 364 nəfərə yüksəlib. Yəni cəmi yeddi ay ərzində banklar 29 230 yeni müddətli əmanətçi qazanıb. Bu rəqəm Azərbaycan əhalisinin yığım davranışında maraqlı dəyişiklikdən xəbər verir: insanlar yalnız bankda pul saxlamaqla kifayətlənmir, vəsaitlərini daha uzun müddətə yerləşdirməyə də üstünlük verməyə başlayıblar.

7 ayda 29 min yeni əmanətçi

Rəqəmlərin dinamikasına baxanda artımın birdəfəlik hadisə olmadığı görünür. 2025-ci ilin iyulunda unikal müddətli əmanətçilərin sayı 173 702 nəfər idi. Dekabrda bu göstərici 194 134 nəfərə çatdı. 2026-cı ilin ilk yeddi ayında isə artım davam edərək 223 364 nəfərə yüksəldi.

Dövr

Unikal müddətli əmanətçi

31 dekabr 2023

106,7 min

31 dekabr 2024

150,5 min

31 iyul 2025

173,7 min

31 dekabr 2025

194,1 min

31 iyul 2026

223,4 min

Bu rəqəmlər daha uzun perspektivdə daha maraqlı görünür. 2023-cü ilin sonunda müddətli əmanətçilərin sayı 106,7 min nəfər idi. İndi isə 223,4 min nəfərdir. Yəni təxminən iki il yarım ərzində müddətli əmanətçilərin sayı iki dəfədən çox artıb. Bu, artıq bank sektorunda sadə statistik artım deyil.

Azərbaycanlılar pulunu niyə bankda saxlayır?

Bu suala bircə səbəblə cavab vermək mümkün deyil. Əmanətçi sayının artmasının arxasında bir neçə amil ola bilər. Birincisi, bank əmanəti əhali üçün nisbətən sadə və başa düşülən maliyyə alətidir. İkincisi, manatın məzənnəsinin sabit qalması milli valyutada əmanət saxlamaq istəyini dəstəkləyir. Üçüncüsü, banklar müddətli əmanətlərə faiz ödəyir. Bu isə vəsaiti evdə nağd saxlamaqdan fərqli olaraq əmanətçiyə əlavə gəlir əldə etmək imkanı verir. Dördüncüsü, maliyyə sektorunda əmanətlərin qorunması mexanizmi də əhali üçün bank əmanətlərini daha cəlbedici edir.

Amma burada daha mühüm bir məqam var: Əmanətçilərin sayı pulun özündən daha sürətlə artırsa, bu, maliyyə davranışının genişləndiyini göstərə bilər.

İnsanların bankda saxladığı pul da artır

İyulun sonunda fiziki şəxslərin banklardakı depozitləri 17,47 milyard manat olub. Bu məbləğin 12,52 milyard manatı manatla, 4,94 milyard manatı xarici valyutada yerləşdirilib. Beləliklə, fiziki şəxslərin əmanətlərinin 71,7%-i manat, 28,3%-i isə xarici valyutadadır. Bu da ayrıca maraqlı göstəricidir. Çünki bir neçə il əvvəl əhalinin bank əmanətlərində dollarlaşmanın payı daha yüksək idi. İndi isə fiziki şəxslərin əmanətlərində manatın payı 70%-i keçib.

Deməli, əmanətçi davranışında iki paralel proses müşahidə olunur: bir tərəfdən əmanətçilərin sayı artır, digər tərəfdən onların əsas hissəsi vəsaitini manatla saxlamağa üstünlük verir.

Əmanətlərin 65%-i artıq “gözləyən pul” deyil

İyulun sonunda fiziki şəxslərin 17,47 milyard manatlıq depozit portfelinin 11,34 milyard manatı müddətli əmanətlərdən ibarət olub. Başqa sözlə, fiziki şəxslərin banklarda saxladığı vəsaitin 64,9%-i müddətli əmanətlərdir.

Bu, mühüm fərqdir.Tələbli hesabdakı pul istənilən vaxt istifadə oluna bilər. Müddətli əmanət isə müəyyən müddət ərzində bankda qalmaq üçün yerləşdirilir. Əmanətçilərin sayının artması ilə müddətli əmanətlərin yüksək payına birlikdə baxdıqda görünür ki, əhali gəlirinin və ya yığımının müəyyən hissəsini cari xərclər üçün deyil, gələcək üçün ayırmağa daha çox meyllənir. Bu isə iqtisadiyyat üçün əhəmiyyətlidir.

Əmanətçi üçün bu, gəlir mənbəyidir, bank üçün isə resurs

Əmanətçi banka pul verir və qarşılığında faiz gəliri əldə edir. Bank üçün isə həmin pul maliyyələşmə mənbəyidir. Məhz buna görə əmanətlərin artması bank sektoru üçün çox vacibdir. İyulun sonunda bankların ümumi depozit portfeli 40,39 milyard manat olub. Bunun 17,47 milyard manatı fiziki şəxslərin, 22,93 milyard manatı isə hüquqi şəxslərin depozitləridir. Depozitlər bank sektorunun ümumi öhdəliklərinin 75,7%-ni təşkil edir.

Deməli, Azərbaycan banklarının əsas maliyyələşmə mənbəyi hələ də depozitlərdir. Əhali isə bu sistemdə getdikcə daha böyük rol oynayır.

Amma burada bir paradoks var

Banklarda əmanətçilərin sayı 15,1% artıb. Lakin iyul ayında fiziki şəxslərin müddətli əmanətlərinin məbləği demək olar ki, dəyişməyib – 11,342 milyard manat olub. Bu detal xüsusilə maraqlıdır. Çünki əmanətçilərin sayı artır, amma müddətli əmanətlərin ümumi məbləği həmin ayda dəyişmir.

Bu nə deməkdir? Ən sadə izahı belə ola bilər ki, banklara yeni əmanətçilər gəlir, lakin onların hər biri əvvəlki əmanətçilər qədər böyük məbləğ gətirmir.

Başqa sözlə, bank əmanəti artıq yalnız böyük məbləğli yığımların aləti deyil. Daha çox insan daha kiçik məbləğlərlə də müddətli əmanətçi olmağa başlayır.

Əgər bu tendensiya davam edərsə, Azərbaycan bank sistemində əmanətçidən çox “kütləvi əmanətçi bazarı” formalaşa bilər. Bu isə bankların gələcək maliyyələşmə modelini dəyişə bilər. Bu, maliyyə inklüzivliyi baxımından müsbət siqnaldır.

Çünki bank hesabına sahib olmaq bir şeydir, həmin hesabda vəsait saxlamaq başqa, pulu müddətli əmanətə yerləşdirmək isə daha fərqli maliyyə davranışıdır.

Əmanətçinin bankla əlaqəsi dərinləşdikcə o, faiz dərəcələrini, müddətləri, valyuta riskini və gəlirliliyi müqayisə etməyə başlayır. Beləliklə, bank əmanəti sadəcə yığım aləti deyil, maliyyə davranışının göstəricisinə çevrilir.

Manatın üstünlüyü də diqqətdən qaçmır

Fiziki şəxslərin əmanətlərinin 71,7%-nin manatla olması Azərbaycanın depozit bazarında dollarlaşmanın əvvəlki dövrlərlə müqayisədə zəiflədiyini göstərən mühüm göstəricidir.

Əmanətçi üçün valyuta seçimi əslində bir gözlənti göstəricisidir. Əgər insan pulunu manatla saxlayırsa, bu, müəyyən mənada onun manatın məzənnəsinə və manatla əldə etdiyi faiz gəlirinə etimad etdiyini göstərir. Əlbəttə, yalnız depozit strukturuna əsaslanaraq bütün əhalinin valyuta gözləntiləri barədə nəticə çıxarmaq olmaz. Amma 17,47 milyard manatlıq fiziki şəxs depozitlərinin 12,52 milyard manatının milli valyutada olması bazarın istiqaməti haqqında kifayət qədər güclü siqnaldır.

Banklar üçün yaxşı xəbər, iqtisadiyyat üçün daha böyük məsələ

Əmanətlərin artması bankların kredit vermək imkanlarını genişləndirə bilər.

İyulun sonunda bankların kredit portfeli 32,1 milyard manat olub. Bunun 17,33 milyard manatı biznes, 10,04 milyard manatı istehlak, 4,73 milyard manatı ipoteka kreditləridir. Yəni bir tərəfdə 17,47 milyard manatlıq fiziki şəxs depoziti, digər tərəfdə 32,1 milyard manatlıq kredit portfeli var.

Bankların əsas işi də məhz bu iki tərəf arasında maliyyə vasitəçiliyini təmin etməkdir. Əhalinin yığdığı vəsait bank sisteminə daxil olur, banklar isə həmin resursun bir hissəsini bizneslərə və istehlakçılara kredit kimi yönəldirlər. Beləliklə, əmanətçi davranışındakı dəyişiklik əslində iqtisadiyyatın maliyyələşməsinə də təsir edir. İndi əsas sual bu artımın davam edib-etməyəcəyidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)