Gəncə Avtomobil Zavodu Finlandiya şirkətilə razılaşdı
“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi (GAZ) Finlandiyanın “Sampo” şirkəti ilə əməkdaşlığa dair memorandum imzalayıb.
Məlumata görə, memorandumu “Sampo”nun region üzrə satış və marketinq direktoru Sami Seppala və GAZ-ın direktor müavini Elşən Məmmədov imzalayıblar.
Sənədə əsasən, iki şirkət gələcəkdə Azərbaycanda kombaynlara texniki xidmətin göstərilməsi, texnikaların ehtiyat hissələrinin hazırlanması və digər məsələlərdə əməkdaşlıq edəcəklər. Birgə fəaliyyətlə bağlı təklif Finlandiyanın “Sampo” şirkətindən gəlib.
Bundan başqa, memorandumun imzalanma mərasimində tərəflər arasında gələcək əməkdaşlıq planları da müzakirə olunub.