Gömrük Komitəsindən şirkət direktorunun ittihamlarına - CAVAB
Dövlət Gömrük Komitəsi ötən gün bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi haqqında yayılan məlumatlara münasibət bildirib.
"ENA"ya daxil olan məlumatda qeyd edilir ki, həmin məqalədə "Rovel Trading" şirkətinin direktoru İntiqam Həsənovun verdiyi iddia edilən məlumatlarda guya Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən adı çəkilən şirkətin mallarını sənədlərində uyğunsuzluq olmadığı halda qanunsuz şəkildə saxlanıldığı və qanunla müəyyən edilən miqdardan gömrük ödənişlərinin tələb olunduğu iddia edilir.
"Rovel Trading" MMC "Dörtel Otomotiv San ve Pazarlama Tic. Ltd. Şti"şirkətindən idxal edilən "Mutlu" markalı müxtəlif növ elektrik akkumlyatorlarının gömrük rəsmiləşdirilməsinin aparılması üçün cari ilin iyul ayının 8-də Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edib. Qeyd olunan malların gömrük rəsmiləşdirilməsi zamanı Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 221-ci maddəsinə, həmçinin "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanunun 12.1.2-ci maddəsinə, yəni gömrük dəyərinin müəyyən edilməsinin 2-ci üsuluna əsasən araşdırma aparılıb. Araşdırma nəticəsində idxal olunan "Mutlu" markalı müxtəlif növ elektrik akkumlyatorlarının gömrük dəyəri ilə bundan əvvəl ən yaxın tarixdə həmin şirkət tərəfindən gətirilən eyni adda malların dəyəri arasında 10200 manat kəskin fərqin olduğu müəyyən edilib.
Bu səbəbdən həmin gömrük bəyannamələrində gömrük dəyərinə müvafiq düzəlişlərin edilməsi barədə qeydlər aparılıb və bu barədə "Rovel Trading" MMC-yə məktubla məlumat verilib.
Qeyd edək ki, saxlanc xüsusi gömrük proseduru altında malların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 176-178-ci maddələrinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 229 nömrəli Qərarının tələblərinə uyğun həyata keçirilməlidir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 178.3-cü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş "Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın 2.4-cü maddələrinə əsasən malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi zamanı gömrük orqanları prosedur sahibindən yarana biləcək gömrük borcuna görə təminat tələb etmək hüququna malikdirlər.
Eyni zamanda, Gömrük Məcəlləsinin 250.4-cü maddəsinə əsasən təminatın məbləğini gömrük orqanları müəyyən edir və bu məbləğ malların və nəqliyyat vasitəsinin sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru üçün nəzərdə tutulmuş gömrük ödənişlərinə ekvivalent məbləğdə təyin olunur.
Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 163.3-cü maddəsinə əsasən gömrük orqanları malların bəyan edildiyi gömrük proseduruna və bu Məcəllənin 45-ci fəslinə uyğun olaraq gömrük ödənişlərinə təminat verilməsini tələb etdikdə, həmin tələb yerinə yetirilməyənədək mallar müvafiq gömrük proseduruna buraxılmır.
Onu da qeyd edək ki, bu "Rovel Trading" MMC-nin gömrük qanunvericiliyini pozması ilə bağlı ilk cəhdi deyil. Belə ki, həmin şirkət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 2017-ci ildə İnzibati Xətalar Məcəlləsinin 491.1 maddəsinin tələblərini pozduğuna görə 57481 manat məbləğində cərimə olunub.