Hadisə

Şəkidə Çinarın budaqlarının qırılmasının ilkin səbəbi məlum olub

Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının iki budağının qırılaraq yerə düşməsinin ilkin səbəbi məlum olub.

Bu barədə Şimal-qərb bürosuna Şəki Yuxarı Baş Dövlət Tarix Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva məlumat verib.

T.Abdullayeva bildirib ki, ağacın iki budağının qırılıb düşməsinə səbəb son zamanlar mütəmadi yağan leysan xarakterli yağışlar və güclü külək olub: "Son günlər yağan aramsız yağışlar və bu gün səhər saatlarından başlayan güclü külək nəticəsində Xan Çinarı ağacının iki böyük budağı qırılaraq yerə düşüb. Hadisə zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb". 

Qoruq direktorunun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Respublika Baş Prokurorluğunun əməkdaşları ərazidə araşdırma aparırlar: "Ağacın 500-ə yaxın yaşı var. Ona görə də iki böyük budağın qırılıb düşməsinin səbəbi araşdırılır. Ağacdan və ərazidən nümünələr götürülüb və laboratoriya şəraitində analizlər aparılır. Təbii ki, əsas səbəblər araşdırmanın yekun rəyindən sonra bilinəcək. Bəlkə ağaca qurd düşüb, bəlkə yaşının çoxluğundan hər hansı çürümə baş verib. Onu biz deyə bilmərik". 

T.Abdullayeva əlavə edib ki, ağacın budağının qırılıb yerə düşməsi nəticəsində Şəki Xan Sarayına ciddi ziyan dəyməsə də, çardaq hissəsində bir neçə kirəmit qırılıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)