“Təəssüf ki, itirilən hər gün yük daşımasına, turizmə mənfi təsir edir” – Aİ SƏFİRİ
Avropa İttifaqı (Aİ) Azərbaycanda 33 regional proqrama 497 milyon avro, 127 ikitərəfli layihəyə 106 milyon avro xərcləyib və 63 qrant layihəsi, 26 çərçivə müqaviləsi, 17 tvininq proqramı həyata keçirib. Bu işlərdən isə azərbaycanlıların yalnız 28%-i məlumatlıdır və onların da 70 faizdən çoxu əməkdaşlığa müsbət baxır.
ENA.az xəbər verir ki, bu gün Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi media ilə görüşündə səslənən göstəricilər bununla kifayətlənmədi.
Aİ səfiri cənab Kəstutis Yankauskas çıxışında bildirdi ki, bu həftə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycana səfər edib və hər iki tərəf əməkdaşlıqda böyük irəliləyişlərin olduğu qənaətindədir.
“Yeni tərəfdaşlıq müqaviləsinin son mərhələsindəyik. Ötən il təhlükəsizlik və nəqliyyat istiqamətində iki yeni danışıqlar başlayıb. Cənub Qaz Dəhlizi layihəsi irəliləyir, Avropa İttifaqı Azərbaycanın ən böyük sərmayə və ticarət tərəfdaşıdır. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Prezident Əliyevlə olan müzakitələr çox yaxşı keçib və cənab Tusk “Ələt” limanına səfər edib. Hesab edirik ki, “Ələt” limanı Şimalla Cənubu birləşdirəcək bir logistika qovşağı olacaq”, deyən səfir qeyd etdi ki, Aİ Azərbaycan üçün ən böyük ixrac və idxal bazarıdır.
Kəstutis Yankauskasın sözlərinə görə, aviasiya üzrə əməkdaşlığa dair ciddi danışıqlar gedir və bu azərbaycanlıların həm rahat hərəkəti, həm də Avropadan turist qəbul etmək baxımından faydalı olacaq:
“Biz Azərbaycan tərəfdən təkliflərimizə cavab gözləyirik. Təəssüf ki, itirilən hər gün yük daşıması, turizm və bununla bağlı bəzi işlərə mənfi təsir edir”.
Ai-Azərbaycan əməkdaşlığına dair təqdimatla çıxış edən xanım Simona Qatti “Aİ Biznes Mühiti 2019” hesabatında təklif edilən 5 prioritet islahat haqqında məlumat verdi.
Beləliklə, Azərbaycanda fəaliyyət göstərən 130 Avropa şirkətinin qənaətinə görə, ilk növbədə vergi və gömrük sistemlərində şəffaflıq artırılmalıdır. Təhsil sistemi şirkətlərin ehtiyaclarına cavab verməlidir, hüquq sistemində şəffaflıq yaradılmalıdır və maliyyə sektorunda da məlumatların açıqlanması, sabitliyin artırılması təmin edilməlidir.