Sosial iqtisadiyyat

“İnqilabi addımların atılması üçün illik 3,9 milyard manat ayrılacaq”

“Minimum əmək haqqı məbləği iki dəfə yaxın artırılaraq 250 manata, minimum pensiya isə 72,4 faiz artırılaraq 200 manata çatdırılıb”.

ENA.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazirin sözlərinə görə, müavinət və təqaüdlər 100 faizədək, həmçinin dövlət sektoru üzrə əmək haqları əhəmiyyətli dərəcədə artırılıb: “Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə, MDB ölkələri ilə müqayisədə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerdədir. Cari ildəki iki mühüm sosial islahat paketi 4,2 milyon vətəndaşı əhatə edir, nəticə etibarilə ölkədə hər bir ailənin rifahına ciddi dəstəyi təmin etmiş olur. Həmin inqilabi addımların atılması üçün dövlət tərəfindən əlavə olaraq illik 3,9 milyard manat  ayrılacaq”. 

Nazir qeyd edib ki, minimum əmək haqqı artımı özəl sektora, bu sektorda işçi qüvvəsinin rəqabət qabiliyyətinin güclənməsinə, əmək bazarına müsbət təsirini göstərir, həmçinin əməyin leqallaşdırılması sahəsində önəmli rolunu oynayır: “Minimum əmək haqqının artımı, eyni zamanda, qeyri-leqal məşğulluğun leqallaşmasına yönələn stimullaşdırıcı tədbirlər, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqi cari ilin 6 ayında bu ilin əvvəli ilə müqayisədə bağlanmış əmək müqavilələrinin sayının 7,3 faiz və ya 101,66 min müqavilə artmasına imkan verib”.  

O bildirib ki, bu ilin may ayında açılışı olan 1 saylı DOST mərkəzində artıq 15 mindən çox şəxs “bir pəncərə” prinsipi ilə şəffaf xidmətlərindən faydalanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)