Yüzlərlə tətbiq istifadəçilərin razılığı olmadan onları izləyir
Kompüter elmləri üzrə beynəlxalq institutun (ABŞ) tədqiqatçıları özlərinin 50 Ways to Leak Your Data: An Exploration of Apps’ Circumvention of the Android System adlı işlərinin nəticələrini təqdim ediblər. Onlar bildiriblər ki, Google Play-də olan tətbiqlərdən 1325-i istifadəçinin razılığı olmadan onu izləyir. Bu barədə Macdigger saytı xəbər verib. Tədqiqatçılar smartfonlar üçün olan 88.000-dən çox tətbiqi analiz edərək həmin tətbiqlərin istifadəçi məlumatlarından necə istifadə etdiklərini təyin ediblər.
Hətta özəl məlumatların əldə olunmasına qadağa qoyulandan sonra da tətbiq açıq mənbə ilə qarşılıqlı əlaqədə ola bilir: Wi-Fi qoşulmaları və fotolar barədə metaməlumatlar. Tətbiqlər həmçinin smartfonun parametrlərini (MAC ünvan, IMEI və s.) təyin edərək istifadəçini izləyə bilirlər. Məsələn fotoların redaktə olunması üçün nəzərdə tutulmuş Shutterfly adlı tətbiq istifadəçilərin fotolarından GPS koordinatları əldə edərək onları öz serverinə göndərir. Bu üsul ilə tətbiq geolokasiya servislərindən istifadə qadağasından yan keçir. Shutterfly təmsilçiləri isə bu cür bəyanatları təkzib edirlər.
Onların sözlərinə əsasən istifadəçilər haqqında məlumatları onlar yalnız istifadəçilərin razılığı ilə əldə edirlər. İstifadəçinin razılığı olmadan onu izləməyin daha bir üsulu da həmin istifadəçinin güvəndiyi digər bir tətbiqdən olan məlumatlardan istifadə etməkdir. Bunun üçün hər iki tətbiq smartfonun şifrələnməmiş yaddaş kartına yazılmalıdır. Bu cür tətbiqlərin sayı 13-dür və onları 17 milyon dəfədən çox yükləyiblər. Onların arasında məsələn Honkonq Disneylendinin rəsmi tətbiqi də var. Bununla yanaşı tədqiqatçıların daha iki tətbiqə qarşı şübhələri də var. Söhbət, Samsung Health və Samsung brauzerindən gedir.