Bank hesablarının açılmasından iki halda imtina ediləcək
Bank hesabının açılması üçün sənədlər tam təqdim edilmədikdə, təqdim olunmuş sənədlərdə və ya verilmiş məlumatlarda qeyri-dürüst, təhrif olunmuş və ya ziddiyyətli məlumatlar olduqda bank hesabının açılmasından imtina edilməlidir.
ENA.az xəbər verir ki, bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təsdiq etdiyi “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”nda əksini tapıb.
Eləcə də bax: Məsafədən açılacaq bank hesablarında aparılacaq əməliyyatların məbləği müəyyənləşib
Müştərinin, səlahiyyətli nümayəndəsinin və ya benefisiar mülkiyyətçinin eyniləşdirmə məlumatları terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısında olduqda da bank hesabının açılmasından imtina edilməlidir.
Qeyd edək ki, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısı Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ölkədaxili siyahıdan və Birləşmiş Millətlər Təşkilatının aidiyyəti qətnamələrinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən beynəlxalq siyahıdan ibarətdir. Hər iki siyahı müəyyən edildikdən sonra maliyyə monitorinqi orqanı tərəfindən təsdiq olunur, dərhal onun rəsmi internet səhifəsində yerləşdirilir, birbaşa və ya müvafiq nəzarət orqanları vasitəsilə monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə göndərilir.