Məsafədən açılacaq bank hesablarında əməliyyatların məbləği müəyyənləşib
Azərbaycanda məsafədən bank hesabının açılmasına dair tələblər müəyyənləşib.
ENA.az xəbər verir ki, bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiq etdiyi “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”nda əksini tapıb.
Qaydalara əsasən, yeni müştəri üçün məsafədən bank hesabının açılması hüquqi və fiziki şəxslər (müştərinin səlahiyyətli nümayəndəsi ilə təmsil olunduğu hal istisna olmaqla) üzrə aşağıdakı qaydada aparılır:
- rezident hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video-görüntü ilə (müvafiq sənədlər və məlumatlar tələb edilməklə;
rezident fiziki şəxslər üçün:
- gücləndirilmiş elektron imza və video-görüntü ilə (müvafiq sənəd və məlumatlar tələb edilməklə);
- video-görüntü ilə (müvafiq məlumatlar tələb edilməklə) – 1 il ərzində həcmi 6 min manatadək və ya onun ekvivalentində xarici valyutada mədaxil və (və ya) məxaric əməliyyatların aparılması məqsədilə açılacaq bank hesabı üçün. Bu zaman müştəri xüsusi təyinatlı informasiya resursu vasitəsilə eyniləşdirilir. Əmək haqqı və sosial sığorta ödənişləri üzrə video-görüntü vasitəsi ilə bank hesabının açılmasına yol verilmir;
- müvafiq informasiya resursunda autentifikasiya vasitəsilə (müvafiq məlumatlar tələb edilməklə) – 1 il ərzində həcmi 500 manatadək və ya onun ekvivalentində xarici valyutada mədaxil və (və ya) məxaric əməliyyatların aparılması məqsədilə açılacaq cari hesab üçün. Bu hesablar vasitəsilə milli valyutada pul köçürmələrinə, habelə mal, iş və xidmətlərin dəyərinin ödənilməsi halları istisna olmaqla vəsaitlərin başqa şəxslərin bank hesablarına köçürülməsinə yol verilmir.
- qeyri-rezident şəxslər üçün gücləndirilmiş elektron imza və video-görüntü ilə (müvafiq sənədlər və məlumatlar tələb edilməklə).
Bankda fiziki iştirakı ilə eyniləşdirilməsi aparılmış və bank hesabı mövcud olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər üçün məsafədən yeni bank hesabının açılması zamanı onlardan eyniləşdirilmə və verifikasiya, habelə müvafiq sənədlərin təqdim edilməsi tələb olunmur.