Şəkini dünyada məşhurlaşdıracaq qərar - TURİST AXINI OLACAQ
UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında Şəki şəhərinin tarixi hissəsinin və Şəki Xan Sarayının Ümumdünya İrs Siyahısına daxil edilməsi ölkə gündəmlərindən biridir. Müxtəlif sahələrin mütəxəssisləri qərar barədə danışaraq, onun Şəki şəhərinə təsirindən bəhs edirlər.
Turizm mütəxəssisləri hesab edir ki, UNESCO-nun qərarı turistlərin Azərbaycana cəlb edilməsi üçün mühüm addım olacaq.
Məsələ ilə bağlı ətraflı fikir öyrənmək üçün ekspertlərə müraciət edilib.
Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırovun sözlərinə görə, bu addımla Şəki bütün dünyada tanınacaq:
“Bu hadisə ölkəmizin mədəniyyəti, turizm sahəsi üçün əlamətdardır. Mən deməzdim ki, Şəki Xan Sarayı UNESCO Ümumdünya İrs Siyahısına salınmazdan əvvəl oraya maraq az idi. Amma artıq bu addımla Şəki dünyada tanınacaq. Xarici vətəndaşlar bu abidədən xəbərdar olacaq və onların Azərbaycana marağı artacaq. Fikrimcə, Dövlət Turizm Agentliyi Şəki Xan Sarayı ilə bağlı müəyyən addımlar atacaq”.
N.Bağırov deyib ki, bu qərardan sonra nəinki Şəkiyə, ölkəmizə də turist axını olacaq:
“Tarixi mədəniyyət abidələri turizmin inkişafına təsir göstərən, eyni zamanda, ölkənin turistlər üçün cəlbedici olmasını şərtləndirən mühüm amillərdəndir. Çünki istənilən ölkəyə səyahət edən turist həmin ölkənin tarixinə, yaşayış tərzini əks etdirən maddi-mədəniyyət nümunələrinə maraq göstərir.
Öz növbəsində hər bir ölkə qədimliyini dünyaya təqdim etmək üçün mədəni irs nümunələrindən faydalanmış olur. Turizm də ölkənin mədəni irsinin dünyaya tanıdılmasında bir vasitədir. Şəki Xan Sarayının UNESCO Ümumdünya İrs Siyahısına salınması turistlərin Azərbaycana diqqətini cəlb edəcək və onlar abidələrimiz, tariximiz barədə məlumat əldə edəcəklər.
Azərbaycana gələn turistlər daha da çox qalacaq. Çünki UNESCO mədəni irsinə daxil olan abidələrə səfər etmək üçün bir gün bəs edirdi, amma turistlərin Şəkiyə getməsi üçün üç saat vaxt lazımdır. Artıq turizm şirkətləri istər-istəməz Şəki turunu öz proqramlarına daxil edəcəklər və orada UNESCO irsinə daxil olan Şəki Xan Sarayı yazılacaq və turist bu proqramı görən zaman oranı görmək istəyəcək”.
Nahid Bağırov qeyd edib ki, əraziyə turist axınının olması qalmaq üçün yerə tələbatı artıracaq və Şəki əhalisinin gəlir yeri artmış olacaq:
“ABŞ-dan, Asiyadan və digər uzaq ölkədən turistlər Qafqazda yerləşən ölkələri görmək istəyirlər. Bu hadisə ona səbəb olacaq ki, onlar ölkəmizdə qalacaqlar. Təbii ki, tələbat artan zaman insanlar evlərini kirayə verəcəklər.
Şəkidə insanların evlərini hostellərə çevirməsi, kirayə verməsi üçün də şərait yaranacaq”.
İqtisadçı Pərviz Heydərov isə bildirib ki, Azərbaycanda tarixi-mədəni abidələrin beynəlxalq miqyasda tanınması və qiymətləndirilərək qeydə alınması ölkəmiz üçün iqtisadi cəhətdən sərfəli və faydalıdır:
“Ölkəmizdə turizmin inkişafına böyük diqqət yetirilir. Turizm təkcə xidmət sektorunu inkişaf etdirməyi tələb etmir. Həmçinin, tarixi-mədəni abidələrimizin təbliği, ölkəmizin zəngin keçmişə malik olduğunu olduğu kimi təqdim etmək və sair də bunun tərkib hissəsidir. Bu mənada, ölkəyə gələn turistlərin maraqlarının təmini və onların buradakı istirahətlərinin təşkili proqramlarının mükəmməlliyi baxımından məsələnin məhz bu tərəfinə diqqət yetirmək tələb olunur.
Hesab edirəm ki, məsələn, Şəki Xan Sarayının UNESCO Ümumdünya İrs Siyahısına salınması kimi hadisələrin bu mənada əhəmiyyəti olduqca böyükdür. Bu, ölkəmizdə turizmin gələcək inkişafı üçün yeni perespektivlər açır və yeni gəlir mənbəyi yaradır”.
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi isə bildirib ki, bu hadisə Şəkini daha da məşhurlaşdıracaq:
“Bizim UNESCO-nun mədəni irsinə daxil olan abidələrimiz var. Şəki Xan Sarayının bu siyahıya salınması şəhəri daha çox tanıdacaq. Turist bu abidənin UNESCO siyahısına daxil olduğu barədə məlumat görən zaman daha çox bu ərazini görmək istəyəcək. Fikrimcə, UNESCO-nun mədəni irs siyahısına daha çox ərazilərimiz daxil ediləcək. Turist axını ildən-ilə artacaq”.