Gömrük polkovniki işdən qovuldu - RÜŞVƏTƏ GÖRƏ
Dövlət Gömrük Komitəsinin (DGK) rüşvət tələb edən əməkdaşı işdən çıxarılıb.
Komitənin məlumatına görə, Bakı Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru, gömrük xidməti polkovnik-leytenantı Namiq Firudin oğlu Əsədovun “Liebherr-Azeri LLC” MMC-nin ünvanına Almaniyadan daxil olan malların gömrük rəsmiləşdirilməsini prosesini qısa müddət ərzində yekunlaşdırmaq müqabilində şirkət nümayəndəsindən qeyri-qanuni olaraq 350 manat tələb etdiyi müəyyən edilib.
O da məlum olub ki, N.Əsədov şirkət nümayəndəsinə tələb etdiyi qeyri-qanuni vəsaiti birbaşa deyil, broker şirkətlərində kompüter operatoru vəzifəsində çalışan şəxslər vasitəsilə çatdırmağı tapşırıb.
Lakin Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində N.Əsədovun əməli ifşa edilib. DGK sədrinin müvafiq əmri ilə o, tutduğu vəzifədən azad edilib.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.