BİZNES

Azərbaycan şirkəti dünyanın ən böyük neft yatağına kabel məhsulları satacaq

Azərbaycanın ən böyük kabel ixracatçısı olan Sumqayıt Texnologiyalar Parkı Qazaxıstanın “Tengiz” yatağının elektrik xətlərinin qurulması üçün nəzərdə tutulmuş kabel məhsullarının ixracını həyata keçirib.

ENA.az bu barədə şirkətə istinadən məlumat verir.

“Tengiz” yatağı dünyada son dövrlərdə kəşf edilmiş ən iri neft yatağıdır.

İyun ayının 4-ü və 10-u “Tengiz” yatağının istismarını həyata keçirən “Tengizchevronoil” şirkətinin layihəsinin kabel ilə təchiz olunması məqsədilə Texnopark 2 müqavilə imzalayıb. Müqavilələrə əsasən STP neft yatağı üçün ümumi dəyəri 329 min ABŞ dolları olan 55 tona yaxın mis damarlı alçaq gərginlikli kabellərin ixracını həyata keçirməli idi. İxracı nəzərdə tutulmuş məhsulların bir qismi qısa zamanda istehsal olunaraq iyunun 24-ü göndərilib. Məhsulların digər qismi isə yaxın günlərdə Qazaxıstana ixrac ediləcək. Tengiz neft yatağı üçün qarşıdan gələn aylarda yeni kabel satışı müqavilələrinin bağlanması da nəzərdə tutulur.

Ümumiyyətlə 2019-cu il ərzində, STP-nin kabel məhsullarının satışı həm yerli, həm də beynəlxalq bazarlarda önəmli dərəcədə artıb. Belə ki, 2019-cu ilin mart-aprel ayında STP Respublika tarixinin ən böyük kabel ixracını həyata keçirmişdi.

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı (STP) regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib.

Hazırda STP-də mövcud olan 13 zavodda 30-dan çox istehsal sahəsi fəaliyyət göstərir. Zavodlar kompleksi neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sənayesi üçün geniş çeşiddə məhsullar istehsal edir. Kabel, Polimer boru, elektrik avadanlıqları, metal konstruksiyalar, qəliblər, press formalar və ştamplar bu məhsullardandır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)