TURİZM

Bakının ətrafında bir ay yaşamaq üçün 15 min manat verənlər var - ARAŞDIRMA

Bakıda yaşayanların heç də hamısı isti yay aylarını ölkənin regionlarında və yaxud xaricdə keçirmir. 

Paytaxt sakinlərinin bir qismi şəhərin ətrafında yerləşən bağ evlərinə üz tutur. 

Təbii ki, onların arasında şəxsi bağ evlərinin sahibləri ilə yanaşı, başqasının bağ evini müəyyən müddətə kirayəyə götürənlər də olur. Bu, bir çoxlarına sərf edir. Çünki, bağ evindən şəhərin mərkəzinə - işə və yaxud digər məqsədlərlə gəlib-getmək asandır. Digər tərəfdən vətəndaşların bağ evinə tələbatı mövsümi xarakter daşıyır, odur ki, onu almaqdansa, aylıq kirayələməyə üstünlük verirlər. Kirayə qiymətlərini isə bağ evinin ölçüləri, vəziyyəti, yeləşdiyi ərazi, həyətyanı sahəsində ağacların, eləcə də hovuzun olub-olmaması müəyyən edir. 

Araşdırma nəticəsində məlum olub ki, yayı Bakının ətrafında keçirmək elə də ucuz deyil. Bağ evlərinin aylıq kirayə qiymətləri Mərdəkanda 700 - 15 000 manat, Novxanıda 1 000 - 10 000 manat, Bilgəhdə 600 - 12 000 manat, Şüvəlanda 1 200 - 15 000 manat, Buzovnada 700 - 15 000 manat, Fatmaidə 900 - 5 500 manat, Pirşağıda 750 - 5 000 manat, Nardaranda 750 - 4 000 manat, Şağanda 650 - 3 700 manat, Goradildə 1 400 - 2 100 manat, Türkanda 500 - 1 500 manat, Hövsanda isə 850 - 1 350 manat arasında dəyişir.

Bağ evlərinin kirayə bazarındakı vəziyyəti  şərh edən “Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı ötən illə müqayisədə bu il qiymətlərdə 10%-ə yaxın artımın olduğunu deyib. 

"Yayda bağ evlərinin kirayə qiymətlərinin digər fəsillərlə müqayisədə yüksək olması təbiidir və hər il üçün xarakterik tendensiyadır. Çünki, yay aylarında tələbat artır. Hər il qiymət artımı daha çox may ayının əvvəllərində başlasa da, bu il bu proses bir qədər ləngidi. Ehtimal edirəm ki, bu gecikmə Ramazan ayı, xüsusən həmin dövrdə havaların nisbətən sərin keçməsi ilə bağlı oldu. Hazırda bağ evlərinin kirayə qiymətlərində ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 10%, qış mövsümü ilə müqayisədə isə 2-3 dəfə artım var".

Ekspert qeyd edib ki, bağ evlərinin qiymətlərinin daha çox artdığı ərazilər inzibati mərkəzlərə yaxın və yol infrastrukturu baxımından şəhərə gediş-gəliş imkanları daha yaxşı olan ərazilərdir: “Buna misal olaraq Mərdəkan, Şüvəlan, Bilgəh, Novxanı ərazilərini göstərmək olar. Burada yol infrastrukturunun yenilənməsi, onların şəhərə daha yaxın olması, gediş-gəlişin daha rahat olması həmin yerlərdə kirayə bağ evləri qiymətlərinin yüksək olmasının əsas səbəbidir”.

 

Ramil Osmanlı

“Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı

"Əhalinin əksər hissəsi təqribən orta dəyəri 1 000 manat ətrafında olan, yəni ucuz hesab edilən evlərə üstünlük verir".

 

Bakı sakinlərinun çoxu aylıq kirayə qiyməti 1 000 manat ətrafında olan, yəni ucuz hesab edilən evlərə üstünlük verir. Bəzən də bir neçə ailə eyni vaxtda bir evi kirayələyir. Bu zaman hətta aylıq qiyməti 3 000- 5 000 manat olan bağlara da maraq olur. 

R.Osmanlının sözlərinə görə, bəzən bağ evlərini bir neçə günlük də kirayəyə götürürlər: "Bu halda gündəlik qiymət 100 manatdan başlayır. Elə ərazilər var ki, orada qiymətlər hətta 500 manata çatır”.

Ekspert növbəti aylarda bağ evlərinin kirayə qiymətində artım gözləmədiyini və bu bazarın sabitləşdiyini də bildirib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)