BİZNES

İşgüzar qadın bizneslə şəxsi həyat arasında harmoniyaya necə nail olmalıdır?

Azərbaycanda işgüzar qadınların sayı artmaqdadır. Sürətli inkişaf dövrünün tələbləri qadını pul qazanmağa, ailəni maddi baxımdan təmin etməyə və bizneslə məşğul olmağa sövq edir.

Ölkənin biznes idarəetməsindəki xanımlar getdikcə fəaliyyət dairəsini genişləndirərək dünya səviyyəsinə çıxır, beynəlxalq platformalarda söz sahibi olduqlarını nümayiş etdirir, fərdi sahibkarlığın bir çox sahələrində özlərini uğurla sınaqdan keçirirlər.   

Bəs Azərbaycan  xanımı biznes, şəxsi həyat, ailə arasındakı harmoniyanı necə tənzimləyir?

 

Hər iki övladı ölkə xaricində təhsil alan, Azərbaycanda tanınmış gözəllik salonu şəbəkəsinin yaradıcısı Elnarə Nəhmədovabildirir ki, seçdiyi həyat tərzi çox çətindir:

“Hazırda övladlarımın elə yaşıdır ki, yanlarında onlara dəstək verən anaya ehtiyacları var. Nə qədər çətin olsa da, bunun öhdəsindən gəlməyə çalışıram. Amma seçimimə görə peşman deyiləm.

Mənə görə, hər bir qadın dünyaya gələndə artıq təbiət ona bu məsuliyyət hissini bağışlayır. Bizim ölkədə qadın bacardığı qədər məsuliyyət daşımağa öyrəşib. Lakin işin məsuliyyəti təəssüf ki, şəxsi həyatıma maneə törədir. Çünki ailəmdən çox işimə və işçilərimə vaxt ayırmalı oluram. Bu da heç asan deyil.

"Beauttech” artıq adi salon deyil. Bu, bir sistem üstündə qurulan şirkətdir və daim inkişaf edir. İndiki zamanda ən üstün hədəfim onlayn və rəqəmsal idarəetmə sisteminin mükəmməlləşməsidr. Bunu da addım-addım, uğurla həyata keçirirəm.

Özümə də mütləq vaxt ayırmalıyam. İlk olaraq qadın olduğuma görə. Həm də bir gözəllik mərkəzinin simasıyam”.

 

Tanınmış aktrisa, pianoçu və yazıçı Zəhra Bədəlbəylinin fikrincə, şəxsi həyatla iş arasında harmoniyanı əldə etmək çox asandır:

“Sadəcə həyatın bütün məqamlarına və ətrafında olan hər bir insana sevgi və hörmət ilə yanaşmaq kifayətdir.  Onda nə iş, nə də başqa məsələlər şəxsi həyata təsir etmir.

İşi də mütləq sevmək lazımdır. Yoxsa o iş sadəcə sizin vaxtınızı alıb o zamanda sizi girov götürərək həyatdan çıxaracaq. Bu vaxt günün çox zamanını aparırsa, deməli siz günün böyük hissəsini sevgisiz yaşayırsınız, hətta deyərdim yaşamırsınız.

Mən hər bir işlədiyim sferadan zövq alıram. Hobbilərimi soruşanda çəkinmədən cavab verə bilirəm ki, bütün hobbilərim işə çevrilir və bütün işlərimi hobbi kimi sevirəm. Amma çətinliyim də az olmur. Adətən sutkada olan 24 saat mənə bəs eləmir. Buna görə illərlə özümdə vaxta qənaət və cədvəl qurmaq hissini tərbiyə etmişəm”.

Zəhra Bədəlbəyli vurğulayır ki, özünü incəsənətə həsr etməyinin heç bir mənfi tərəfi yoxdur: “Mənim bütün həyatım onunla bağlıdır. Həyatımda baş verən bütün hadisələr incəsənət ətrafında fırlanır. Bütün insanlar kimi incəsənət insanların da dostları olur, ailələri, tanışları  olur.

Əlbəttə hansısa tədbir zamanı, ona yaxın bütün ətrafda olan insanlara diqqət ayırmaq olmur. Amma gündəlik həyatımda demək olar ki, heç bir münasibətə təsir etmir. Təbii ki, mənə ən yaxın insanlar daha çox incəsənəti bilən və ya incəsənətə yaxın insanlardır”.

 

ALZA” butiklərinin və “Wowoman” qadın platformasının təsisçisi, “Forbes” jurnalının 30 yaşdan aşağı “30 avropalı sosial sahibkar” siyahısında yer alan Zara Hüseynova qeyd edib ki, ailə qurmağı iş həyatına yalnız pozitiv təsir edib:

“Yoldaşım hər zaman mənə atamdan daha çox azadlıq verib. Ona görə də yanımızda olan insanları düzgün seçməliyik. Çünki onlar bizi ya qabağa aparır, ya da geri çəkirlər.

İş qadınları heç nədən imtina etməli deyil. Dediyim kimi, sadəcə seçim düzgün olmaldıır. Belə olanda həyatdan birlikdə zövq almaq, birlikdə böyümək mümkündür. Sahibkarlar 7 gün, 24 saat işləyir. Heç kim düşünməsin ki, biznes qurulandan sonra iş həyatı daha rahat olur. Əksinə gedib yatanda da problemlərin həllini axtarırsan. Bu seçimindən zövq alırsansa, imtinaya məhkum deyilsən. Amma olduqca çətindir.

Biznesi qurmaq çətindir, gənc qadın olaraq lap çətin idi. 8 il bundan əvvəl “Wowoman”ı yaratdıq. Hələ də problem var, amma getdikcə hər şey yaxşılığa doğru dəyişir. Mən öz arzularımın dalınca gedirdim. Amma ətrafımda olan bir çox qızlar öz seçimlərini etmirdilər. Mən də özümü tək hiss edirdim. Elə bir platforma yaratmaq istəyirdim ki, orada qızlar, qadınlar öz arzularının arxasınca gedə bilsinlər. Bilikləri, motivasiyaları, dəstəkləri olsun. Başa düşürdüm ki, dəstək sistemi çox vacibdir. Elə bir sistem yaradırıq ki, hər bir qadından ondan istifadə edib qabağa gedə bilər”.

Zara Hüseynova çoxuşaqlı qadınların iş həyatından da söz açıb: “3-4 uşaqlı bir qadın biznes qura bilərmi? Bu haqda təcrübəm olmadığı üçün tam cavab verə bilməyəcəyəm. Çoxuşaqlı qadın işləməyərək xoşbəxtdirsə, niyə məcbur eləməliyik ki, işləsin? Amma o uşaqları böyütmək üçün daimi olaraq oxumaq, trendləri bilmək lazımdır. Özünü inkişaf etdirməlisən ki, uşaqlara nümunə ola biləsən.

Geniş imkanlar hamıda var. Onları görmək üçün öz üzərində işləməli, özünə investisiya eləməlisən. Bunları istifadə etmək üçün isə cəsarətli olmalısan. Praktikanın da böyük əhəmiyyəti var. Nə qədər çox öz üzərində işləsən, imkanları bir o qədər çox görəcəksən.

Yenə də istəmirəm ki, hər şey çəhrayı dünya kimi görünsün. Doğrudan da çətindir. Amma o sizin dəyərlərinizdən, arzularınızdan, prioritetlərinizdən asılıdır. Nə qədər çox özünü tanısan, atanı, qonşularını, sosial şəbəkə dostlarını yox, özünü xoşbəxt edən şeyləri  bilsən, onda hər şey daha asan olacaq”. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)