Sığorta şirkətlərinin yeni yayınma üsulu – "MÜSTƏQİL EKSPERT"LƏR
Azərbaycanda bəzi sığorta şirkətləri sığorta hadisələri zamanı daha az ödəniş etmək üçün yeni üsuldan istifadə etməyə başlayıblar. Bu barədə hüquqşünas, sığorta mübahisələrinin həlli üzrə mütəxəssis İlkin İbrahimov bildirib.
Onun sözlərinə görə, bəzi sığorta şirkətləri daha az ödəniş etmək üçün hadisəni araşdıran və zərərin məbləğini müəyyən edən "müstəqil ekspertlər"in siyahısına özlərinə sərfəli olan şəxsləri və şirkətləri daxil edirlər.
"Sığorta şirkətləri həmin ekspertləri ofisə dəvət edib onlarla müqavilə bağlayırlar. Şərtləri razılaşdırırlar və şərt qoyurlar ki, maşın o servisə gedəcək, orda ona qiymət qoyulacaq (təmir xərci) və siz də bunu təsdiq edəcəksiniz. Hansı ekspertlər bu şərtlə razılaşırsa, sığorta şirkətləri onlarla əməkdaşlıq edir, razılaşmayanlarla əməkdaşlıq etmirlər".
Ekspert bildirir ki, belə "dost ekspertlər" qəza nəticəsində dəyən zərərə görə, müştəriyə ödənişlərin 30-35% azaldılmasına şərait yaradır, bununla da şirkətə kömək edirlər: "Yəni şirkət və ya onun servisi ödənişi 30-35% azaldır, ekspert də buna gözə yummaqla təsdiqləyir".
İlkin İbrahimov bildirir ki, müştərilərin bu vəziyyətdən çıxması şansı azdır: "onun qarşısına 2-3 nəfər ekspertin və ya şirkətin siyahısını qoyurlar, bildirirlər ki, onların arasından seçə bilər, amma onların hamısı şirkətlə əməkdaşlıq edən şəxslərdir". Doğrudur qanunvericiliyə görə, ekspertin seçilməsi qarşılıqlı razılaşma ilə olmalıdır, yəni buna müştəri də razılaşmalıdır: "Bu mənada müştəri ona təklif olunan ekspertlərin heç bir ilə razılaşmayaraq özü kənardan digər ekspert cəlb edə bilər. Deyə bilər ki, bunları istəmirəm və Palatanın saytındakı ekspertlərdən birini seçə bilər. Amma onda da sığorta şirkəti buna razı olmayacaq və məsələ uzanacaq".
Buna görə də İ.İbrahimov hesab edir ki, sığorta hadisələri üzrə ekspertlərin siyahısını sığorta şirkətləri deyil, Palata müəyyən etməlidir:
"Avtonəqliyyat sığortası ilə bağll sığorta şirkətlərinin vətəndaşa verdi "əsassız imtina" məktublarını 2 ildir ictimailəşdirirəm. Bununla bağlı Həm Palata, həm də sığorta şirkətləri bir çox hallarda öz işlərini görmüşlər. Görülməyən işlər barəsində isə Məhkəmədə iddialar qaldırılmış və bu proses əvvəlki illərdən daha yaxşı şəraitə gəlib çıxmışdır. Son bir neçə ayda mənə olunan müraciətlərin avtonəqliyyat sığortası sahəsində şikayətlər " sığortanın imtinası" halından başqa məcraya "qiymət" kəsmələrə gətirib çıxarmışdır. Xatırladım ki, bir neçə aydır ki, avtonəqliyyat sığortası ilə bağlı mənə edilən müraciətləri sadəcə şifahi şəkildə və ya istiqamət verərək cavablandırıram. Bu o feməkdir ki, bu illərdə həm Maliyyə Palatası bu istiqamətdə öz işini gücləndirib buna müvafiq olaraq sığorta şirkətləri də öz işlərini ciddiyə almağa başlamışlar.
Problem sona çatıbmı?
Problem sona çatmayıb əksinə başqa məcraya yönəlib. Hazırda bir çox sığorta şirkətləri Palatanın siyahısında olan hüquqi və fiziki şəxslər müstəqil ekspertlərin siyahısına öz işlədikləri şəxsləri və ya şirkətləri daxil edir. Bu da vətəndaşa növbəti problem olaraq qayıdır. Müstəqil ekspert seçimində sığorta şirkətləri vətəndaşa öz işlədikləri "müstəqil ekspert" ləri təklif edir. Əgər onların razılığı olmasa bu prosesin ola bilməyəcəyini bildirirlər.
Çıxış yolu nədir?
Çıxış yolu bu prosesi Maliyyə Palatasının aparmasındadır. Yəni müstəqil ekspertlərin işində sığorta şirkətlərinin əməkdaşlağını minimuma endirilməsi.
MNBP də komissiya yaranır, ekspertlərin təyini Palatanın növbəlilik prinsipinə əsasən formalaşır».