Binə, Sədərəkdə vergi nə iş görür: “karqo əməliyyatı” barədə nazir müşavirinin açıqlaması
Binə, Sədərək ticarət mərkəzlərində və tikinti malları üzrə işləyən “karqo” şirkətlərdə artıq qayda-qanun yaradılıb. Əvvəllər sahibkarların malları həmin “Karqo” şirkətlərin adına rəsmiləşərək gəlirdi və “Karqo” şirkətlər malları sahiblərinə təhvil verirdi, onlar da bazarda malları sənədsiz satırdılar. Sənədsiz satıldığı üçün də dövriyələr şəffaflaşmırdı.
ENA.az xəbər verir ki, vergilər nazirinin müşaviri Xəqani Abdullayevin sözlərinə görə, prezident İlham Əliyevin müvafiq sərəncamı və tapşırığı ilə ölkəyə gələn bütün mallar, o cümlədən “karqo” daşıyıcı şirkətlər vasitəsilə gələn malların faktiki sahibkarların adına rəsmləşdirilməsi həyata keçirilir ki, bu da dövrüyyənin bütün dəyər zənciri boyunca şəffaflaşmasına imkan yaradır.
Beləliklə, artıq “karqo” adlandırılan şirkətlər tərəfindən mallar ölkəyə idxal olunarkən mütləq qaydada malların sahiblərinin adına rəsmiləşdirilməsi həyata keçirilir. Xatırladaq ki, cənab prezidentin idxal-ixrac məsələlərinin tənzimlənməsi ilə bağlı sərəncamı var və sərəncama uyğun olaraq aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilib. Bələ ki, həmin sərəncamla Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsinə tapşırıqlar verilib.
“Bilirsiniz ki, ölkədə malların sənədləşməsi idxal olunan malların sənədləşməsi səviyyəsindən və ölkə ərazisində istehsal olunan malların sənədləşmə səviyyəsindən aslıdır. Hazırda Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi bu sahədə sıx əməkdaşlıq edir və artıq “Karqo” adlandırılan şirkətlər tərəfindən mallar ölkəyə idxal olunarkən mütləq qaydada malların sahiblərinin adına rəsmiləşdirilməsi həyata keçirilir. Bu imkan yaradır ki, ölkədə sənədsiz mal dövriyyəsi yaranmasın yəni, bütün dəyər zənciri boyunca malların sənədləşməsi həyata keçirilsin və həmin mallar təqdim edildikcə də yaranmış şəffaf dövriyədən vergilərin ödənilməsi həyata keçirilsin. İkinci məsələ isə ölkə daxili istehsal olunan malların sənədləşmə məsələsidir və bununla bağlı Vergilər Nazirliyi aidiyyatı strukturlarla ciddi işlər aparmaqdadır. Ölkədə istehsal olun malların sənədləşmə səviyyəsində elektron qaimə ilə sənədləşməsində ciddi artımlar müşahidə edilir. Bununda nəticəsində artıq ötən ilin 5 ayı ilə müqayisədə dövrüyyələrin ciddi şəffaflaşması və vergi daxilolmalarında ciddi artımlar baş verib”.
X.Abdullayev bildirdi ki, qanunvericilikdə “karqo” şirkətlərin daşımaçılıqla məşğul olması nəzərdə tutulub və onlar daşımaçılıqdan öz gəlirlərini əldə etməlidirlər. Hansı mallar ölkəyə idxal olunursa mütləq qaydada faktiki sahibkarların adına rəsmiləşdirilməlir. Bununla bağlı həm Vergilər Nazirliyində, həm də Gömrük Komitəsində ayrı-ayrılıqda sahibkarlarla bir neçə dəfə görüş keçirilib, onların sualları cavablandırılıb.
“Bu gün də Vergilər Nazirliyi əllərində olan sənədsiz malların sənədləşməsi sahasində sahibkarlara ciddi dəstək verilməkdədir”, deyə nazir müşaviri vurğulayıb.